Qazax, 20 aprel, AZƏRTAC
Faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində Qazaxda Böyük Vətən müharibəsi iştirakçısı Xanqulu Süleymanovun 90 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarına X.Süleymanovun keçdiyi döyüş yolu və əmək fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, X.Süleymanov ordu sıralarında göstərdiyi igidliyə və qəhrəmanlıqlara görə “Qırmızı ulduz”, “I dərəcəli Böyük Vətən müharibəsi” ordenlərinə layiq görülüb, “İgidliyə görə” medalı ilə təltif olunub. Hazırda Böyük Vətən müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları İctimai Birliyinin Qazax rayon şöbəsinin sədridir. O, təcrübəsini gənclərdən əsirgəmir və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına çalışır.
Tədbirin sonunda X.Süleymanova 90 illik yubileyi və rayonun sosial-iqtisadi həyatında fəal iştirakına, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsindəki fəaliyyətinə görə rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyə təqdim olunub.
