[ 20 Aprel 2015 10:10 ]
Bakı – APA. Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev Efiopiyanın təhsil naziri Şifera Şiquti ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanla Efiopiya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilib. Eyni zamanda təhsil sahəsində əməkdaşlığın inkişafı üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
E. Abdullayev Azərbaycanın təhsil ocaqlarında dünyanın bir çox ölkələrindən, o cümlədən Afrika ölkələrindən tələbələrin təhsil aldığını xatırladıb. O, Azərbaycanla Afrika ölkələri arasında təhsil sahəsində əməkdaşlığın möhkəm təməlinin olduğu və hələ SSRİ dönəmində bir çox Afrika ölkələrindən, o cümlədən Efiopiyadan çox sayda tələbələrin Azərbaycan universitetlərindən məzun olduqlarını söyləyib.
Bununla yanaşı, səfir Azərbaycan Respublikası hökuməti tərəfindən göstərilən dəstək nəticəsində azərbaycanlı tələbələr üçün xaricdə təhsil proqramının həyata keçirilməsi barədə məlumat verib.
Efiopiyanın təhsil naziri Şifera Şiquti ölkəsinin Azərbaycanla təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında təhsil sahəsində münasibətlərin inkişafı üçün müvafiq tədbirlərin həyata keçirilməsi və təmasların artırılmasının əhəmiyyətini vurğulayıb.