Türkiyə baş naziri ayrı-seçkiliyə qarşı roman müşavir götürəcəyini deyib
Türkiyənin baş naziri Əhməd Davudoğlu özünə ölkədəki roman (qaraçı) etniklərdən müşavir götürəcək.

Anspress-in məlumatına görə, Davudoğlu roman ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bu barədə danışıb. Romanlar barədə müxtəlif fikirlər səsləndirən Davudoğlu ölkədə bu etniklərə qarşı olan ayri-seçkiliyi aradan qaldıracağını deyib:

“Hicablı-hicabsız, roman və digər etniklər, türk, kürd, sünni, ələvi - hamımız qardaşıq. Hər birimiz əsas ünsürük. Əgər hər hansı bir ayrı-seçkilik olarsa, sizə söz verirəm, səhv bir rəftara məruz qalsanız, baş nazirlikdə bir mexanizm yaradacağam və sizinlə məsləhətləşəcək bir roman qardaşımızı özümə müşavir götürəcəyəm”.

Romanların Sarkozi dövründə Fransadan deportasiya edildiklərini xatırladan Davudoğıu bu cür hadisə baş verəcəyi təqdirdə dünyadakı bütün romanlara Türkiyənin sahib çıxacağını bildirib.

Milli.Az