Ukraynadan niyə yazmalıyam ki?! Azərbaycandan uzaqda yerləşir, son vaxtlar "erməni soyqırımı" ilə bağlı ermənilərin yalanlarına uyanların sayı Kiyevlə yanaşı, ölkənin bir çox şəhərlərində süni şəkildə "artır", Donetsk və Luqansk vilayətləri faktiki olaraq Rusiyanın nəzarətindədir, Krım yarımadası isə ümumiyyətlə, rəsmi olaraq Rusiya ərazisinə çevrilib.
Amma Ukrayna barədə niyə yazmamalıyam ki?! Ukraynada on minlərlə, bəlkə də artıq yüz minlərlə azərbaycanlı yaşayır, Bakı və Kiyev arasında sıx əməkdaşlıq var, ölkələrimiz müttəfiqlik səviyyəsindədir.
Bütün bunlar bir yana.
Ukrayna Qərbin, xüsusilə də ABŞ-ın Rusiya ilə geostrateji qarşıdurma meydanıdır. İllər əvvəl, Yuşşenkonu Yanukoviç əvəzləməzdən öncə Kiyevdəki Maydanda mitinqlər başlanmışdı.


O vaxtdan bəri Kiyevdə neçə hakimiyyət dəyişdi, ölkə nə iqtidarlar gördü - amma Maydandakı aksiyaların səngidiyi sənə olmadı.
Ukrayna həm də postsovet məkanında Qərbin "narıncı inqilab" ssenarisinin ilk dəfə sınandığı və həyata keçirildiyi, daha sonra amerikalıların maraqları ilə Moskvanın mənafelərinin üzləşdiyi yer olduğundan buradakı hadisələrin məcrası bütün MDB ölkələrinə müəyyən formada təsir edir.
Ukraynalılara ağıl öyrətmək və ya onların yaşamlarına müdaxilə etmək niyyətindən də çox uzağam.
Amma laqeyd qalmaq da mümkün deyil, çünki "jovto-blakitnı" ölkədəki situasiya oradan uzaq Azərbaycana da təsir edə bilər.
Əgər artıq etmirsə.
Ara qarışdı, islahatlara başlandı
MDB ölkələrində hakimiyyət dəyişikliklərinə can atan və bəzi məmləkətlərdə buna nail olan Qərbin "insan haqları, azadlıq və demokratiya ekspertləri"nin effektiv saydıqları reseptlərdən birinə görə, iqtisadi və struktur islahatlarına ara qarışdığı zaman başlamaq gərəkdir.
Məsələn, hərbi əməliyyatlar şəraitində.
Ukraynada mərkəzi hakimiyyət və xalq ölkənin şərqindəki separatçılarla vuruşur, eyni zamanda, ölkə daxilində Rusiyaya satıldığı iddia edən qruplar və qüvvələrlə qarşıdurma var, Bandera və Şuxeviç ardıcılları mühafizəkarlarla, Rusiya tərəfdarları Qərbə pərəstiş edənlərlə didişirlər.
Ara qarışdığı üçün iqtisadiyyatdakı ağır vəziyyəti, maliyyə sisteminin çökməsini xalqa "müvəqqəti çətinliklər"lə və az sonra başlayacaq "işıqlı gələcək" üçün çalışmaq məcburiyyəti ilə izah edərək günahı "daxildəki düşmənlər"in üzərinə atmaq olar.
Di gəl, Ukraynada inqilabi hadisələr başlanandan bəri kimsə iqtisadi islahatlarla məşğul olmayıb və yalnız Ali Radaya növbədənkənar seçkilər başlananda durumun bərbad olduğu yada düşüb.


Ukraynada fevral inqilabından dərhal sonra kvotalı hökumət formalaşdı. Situasiyanın aramsız pisləşməsini nəzərə alsaq, bu hökumətin nə ilə məşğul olduğu hələ də bəlli deyil. Doğrudur, Beynəlxalq Valyuta Fondu kreditlərin ilk tranşını verdi, amma prezident Petro Poroşenko parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarına gəldi. Əla ideya idi, Ali Radaya mümkün qədər çox tərəfdar keçirməyə yönəlmiş plandı.
Kiyev islahatlar barədə düşünmürdü və yeganə "islahat" növbədənkənar seçkilərədək qrivnanın dollara olan kursunun süni şəkildə saxlanılması idi.
Seçkilər başa çatdı, Poroşenko parlamentdə çoxluğa nail ola bilmədi.
Daha sonra bir ay çəkən koalisiya macərası başladı və təbii ki, rəsmi Kiyev belə vacib işi kənara qoyaraq iqtisadi islahatlarla məşğul ola bilməzdi. Ölkədəki siyasi qüvvələrin az qala hamısı koalisiya anlaşması imzaladılar və Ukrayna siyasətindəki ənənəyə sadiq qalan siyasi qüvvələrin, koalisiya üzvlərinin heç biri bu anlaşmaya riayət etmək niyyətində deyildi.
Ali Radadakı davaları görübsünüzmü? Dava-dalaş, əsasən, koalisiya üzvləri arasında olur.


Xüləs, yarım ildə Ukraynada iki seçki keçirildi və məmurların hamısı da yarımköçəri vəziyyətdədir. Onlar hakimiyyətin yenə də dəyişəcəyini istisna etmirlər. Belədə nə islahatlar?!
Ötən ilin payızında Ukraynada yenə seçkilərdi: bu dəfə bələdiyyələrin heyətləri dəyişdi.
Noyabrda bütün seçkilər qurtardı, koalisiyalar formalaşdı. İlk baxışdan vəssalam, vurnuxmalar bitmişdi, islahatlara başlamaq olardı.
Bu dəmdə Qərb, xüsusilə də Kiyevdəki hakimiyyətin Vaşinqtondakı dostları hiddətləndilər və dedilər: "Dostlar, biz sizə pul veririk, yardımlar göstəririk, sizsə heç nə etmirsiniz, sizə inanmırıq".
Kiyev təşvişə düşdü və Ukraynanın hökuməti ukraynalılarla yanaşı, ABŞ, Gürcüstan və Litva vətəndaşlarından ibarət siyasi kokteylə çevrildi.
Onları siz də tanıyın
Ukraynadakı islahatçılar komandasının qəribə, maraqlı üzvləri var. Onlar sutkada az qala 24 saat çalışdıqlarını, daim və fasiləsiz olaraq ölkənin mənafelərini, vətəndaşlarının maraqlarını düşündüklərini deyirlər.
Deyirlər, ancaq edirlərmi?
Nazirlərə, onların kimliyinə və əməllərinə nəzər salaq.
1. Maliyyə naziri - Natalya Yaresko, ABŞ vətəndaşı. ABŞ qüdrətli dövlətdir. İraqı viran qoyub, Əfqanıstanı qarışdırıb, Suriyanın altını üstünə çevirib, pop-kornu ixtira edib, Google-u yaradıb, Facebook bu ölkədə təşəkkül tapıb.
Amerikalılar küll halda ağıllı adamlardır. Yaresko isə amerikalıların Kiyevdəki müşahidəçisidir, islahatın yox. Əslində, belə də olmalıdır. Axı Kiyevdə amerikalıların pullarını nə qədər oğurlamaq olar?! "Müharibə vergisi"nin (!) tətbiqini, idxal rüsumlarının 10 faizədək artırılmasını, Ukraynanın borclu olduğu ölkələrə və təşkilatlara kəf gəlməyə çalışaraq "pulumuz yoxdur" demək və bununla da BVF-dən yeni kredit almağa can atmaq, depozit faizlərinə tətbiq olunan verginin 21,5 faizədək yüksəldilməsi islahatdır?


Natalya Yareskonun "islahatlar"ı arasında ixracla məşğul olan qurumlara əlavə dəyər vergisinə (ƏDV) verilən pulların təzminat kimi geri qaytarılmasından boyun qaçırması, Donetsk və Luqanskdakı Ukrayna vətəndaşlarına təqaüdlərin ödənilməsindən boyun qaçırılması da var.
Vergi Məcəlləsi ilə bağlı islahatların olacağı deyilir. Gözləniləndir - onsuz da, Ukraynada hər yarım ildə bir dəfə Vergi Məcəlləsi dəyişdirilir.
Eyni zamanda, Vergilər Nazirliyinin başçısı postunda oturan adamlar da həmişə korrupsiyada suçlanaraq tutulur, dəyişdirilir.
2. İqtisadiyyat naziri - Ayvaras Abromaviçus, Litva vətəndaşı. Bu şəxsin nə işlə məşğul olduğu, ümumiyyətlə, bəlli deyil. Biznesin asanlaşdırılacağını dedi. Heç nə edilmədi. Apardığı islahatlar arasında ən ciddisi nazirlikdə çalışanların sayının yarıbayarı azaldılması oldu.
Amma adamları işdən çıxarmağa, məncə, böyük ağır gərək deyil.
3. Səhiyyə naziri - Aleksandr Kvitaşvili, Gürcüstan vətəndaşı. Gürcüstanda apardığı islahatları uğursuz alınan bu şəxs Kiyevdə ciddi yeniliklərə başlamayıb. Vədləri arasında səhiyyəyə ayrılan büdcə vəsaitinin azaldılması, səhiyyə işçiləri arasında ciddi ixtisarlar aparılması var. Ən çox sevdiyi şüar belədir: "Səhiyyə pulsuz ola bilməz!" Orta aylıq əməkhaqqının 123 dollar təşkil etdiyi Ukraynada pullu səhiyyənin nə demək olduğunu özünüz düşünün.
Onu da bildirim ki, cənab Kvitaşvilinin tibb təhsili yoxdur və o, ümumiyyətlə, səhiyyədən çox uzaq adamdır.
4. Energetika naziri - Vladimir Demçişin. İllər boyu banklarda işləmiş bu adamın energetika ilə əlaqəsi yalnız evindəki sobanı yandırmaq, bir də avtomobilinə benzin vurmaq olub. Yalnız "sərf edir - sərf etmir" kateqoriyaları ilə düşünən nazir ümumi mənzərəni görmək imkanlarından bilmərrə məhrumdur. Onun islahatları arasında Ukraynada daş kömür hasilatının azaldılması, daş kömürün idxalına başlanması, Rusiyadan elektroenerjinin alınması var. Nəticədə Ukraynada şaxtalar ucuz daş kömürlə dolu olsa da, ölkə daş kömürü valyuta ilə alır və elektroenerji təminatında fasilələr tətbiq edir.
Nazirin digər uğurları arasında Rusiyanın təbii qazının Macarıstan və Slovakiyadan satın alınması, bunun "diversifikasiya" adlanması, daha sonra istehlakçılara satılan təbii qazın qiymətinin 7, elektroenerjinin 4 dəfə bahalaşdırılması var.
5. Daxili işlər naziri - Arsen Avakov. Bu erməni ölkədə "Facebook qəhrəmanı" kimi tanınır. O, daim Facebook-da düşmənlərə qalib gəlir, üstəlik vaxt tapıb Nazirlər Kabinetinin iclasında Fövqəladə Hallar Nazirliyinin bir neçə məmurunu da həbs etdirir. Axı kimisə həbs etmək gərəkdir - korrupsiya və rüşvətxorluqdan bezmiş xalq tələb edir. A.Avakovun müavini Gürcüstan vətəndaşı Yekaterina Zquladzedir. Bu xanım artıq yarım ildir ki, Ukraynada Post-Patrul Xidmətində istalahatlarla məşğuldur. İslahatların məğzi PPX-də işlyənləri qovmaq və onların əvəzinə yeni, vicdanlı, ədalətli insanları işə götürməkdir. Ukraynada iş az, işsizlər çox olduğundan Zquladze uğuruna əmindir.
Lakin PPX-nin yeni formatı, hələ ki, yalnız paytaxt Kiyevdə işləyir. Amma nə olsun: əvəzində ukraynalılar internetdə səsvermə yolu ilə PPX avtomobillərinin rənglərini seçdilər. Çox demokratik, islahatçı ruhda bir addım, deyilmi?!
Son günlərdə Kiyevin mərkəzində 3 məşhur jurnalistin qətlə yetirilməsi isə Avakovla müavini üçün xırda məsələlərdir.
7. Baş nazir - Arseni Petroviç Yasenyuk. Onun əsas işi simasına müdrik görkəm vermək, eynəyini düzəltmək, Rusiyanı hədələmək və aradabir də prezident Petro Poroşenkoya badalaq vurmağa çalışmaqdır. Yasenyukla Poroşenko bir-birlərinə olan nifrətlərini əvvəl pərdələməyə çalışırdılarsa, indi özlərinə zəhmət vermirlər. Baş nazirdən islahatlar tələb edəndə, o, vəziyyəti şuluq sandı və "Sovet simvolikasının yasaqlanması haqqında" qanunun qəbuluna nail oldu.
Kütlənin başı yeni məsələyə qarışdı, Yasenyuk rahat nəfəs aldı.
Və sonda
Ukraynada bank sektorunun islahatları barədə çox danışılsa da, real heç bir iş görülməyib. Kurs bilərəkdən aşağı salınıb, vəziyyət panika həddinə çatdırılıb, ölkədən kapital axını selə dönüb, 50 bank fəaliyyətini dayandırıb. Kiyevdəki hakimiyyət mənsubları siyasi rəqiblərinə məxsus bankları onların əllərindən zorla alır və bu minvalla ölkənin bank sisteminə olan inamı, ümumiyyətlə, öldürürlər.
Nəticə pisdir. Hətta çox pis. Ukraynada inflyasiyanın həddi rəsmi statistikaya görə, 46 faizə çatıb. İstehsalat həcmi 22 faiz düşüb, pərakəndə satışlar 24 faiz azalıb.
Bütün bunlar ilin əvvəlindən yaşanan proseslərdir.


Zəif hakimiyyətlər həmişə ara qarışanda islahatlara başlayırlar. Ukraynadakı iqtidar da "savaş insanları birləşdirir" deyir.
Mümkündür, savaş yalnız onda maraqlı olanları birləşdirə bilər.
Ümumdaxili məhsulun həcmi 12,9 faiz azalmış Ukraynanın gələcəyinin necə olacağını düşünmək asan deyil.
Orxan Hun
Milli.Az