Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan “Həftəbecər”i (25-ci say) təqdim edir.
 
Neçə vaxtdır müğənnilər özləri qərar verə bilmirlər ki, onlarla ailə qurmaq günahdır, yoxsa savab. Tərslikdən də heç bir dini, bədii, elmi kitabda bu barədə bircə cümlə də olsun yazılmayıb. Elnarə Abdullayevaya inansaq, bu işdə bir balaca ehtiyatlı olmaq lazımdır. Xatirənin dediyi ilə oturub-dursaq, “hərəmiz bir müğənni alaq” kampaniyasına start verilməlidir. Ayan Babakişiyevanın söhbətinə də inananlar az olmayacaq yəqin ki. Deməli, Ayan belə düşünür ki, indiki zəmanədə müğənni xanımla ailə qurmaq daha gözəldir. Çünki müğənninin gizli həyatı yoxdur: “Bakı kiçik bir şəhərdir. Haqqında nə istəsən, öyrənə bilərsən. Amma başqa sənətdən alacağın xanımın gərək bütün arxivini araşdırıb tapasan. O da vaxt aparacaq. Çalışın, müğənni xanımla ailə qurun”.
 
Düz deyir. Hamı bilir ki, mən nadir hallarda hansısa sənət adamının fikrini təqdir edirəm. Ayanın söylədikləriylə o qədər ürəkdən razıyam ki... bu dəqiqə klaviaturanı buraxıb, əl çalırdım. Yoldaşlar, məsələ belədir. Doğrudan da, müğənnilərin gizli həyatı yoxdur, hamı kimi hansı restoran müdirinin, hansı biznesmenin, hansı vəzifə sahibinin saxladığını bilir. Yəni, qısası, kimə qəbuldursa, gəlib məsələyə şərik ola bilər. Elə bil ki, iki dost pul atışıb maşın alır. Maşının texniki pasportu birinin adına olur, etibarnaməsi də o birinin. Biri maşının qanunla sahibidir, o biri isə minib sürən. Heç bilmirəm bu maşın söhbəti hardan düşdü yadıma. Nəysə, keçək o biri söhbətə.
 
Əvvəl o qədər həssas idim ki, külək əsəndə, yağış yağanda da əhvalıma təsir edirdi. İndi lap istəyir Samiraldo çıxıb efirdə kişilikdən danışsın, Tolik Qaçaq Nəbini peysər adlandırsın, vecimə də deyil. Çünki hər gün elə xəbərlər eşidirəm ki, təəccüb hissimi çoxdan itirmişəm. Amma Musa MusayevTəranə Qumralın toy xəbərini eşidəndə yüngülvari təəccübləndim. Rəhmətliyin uşaqları, məgər qaçhaqaçdı? Hələ dünən tanış olmusuz, hələ bir-birinizi tanıyın, xasiyyətinizə bələd olun, sonra evlənin də. Nəvələriniz heç məktəbə getmir, nə xəbərdi bu iki daşın arasında? Zarafat bir kənara, amma Musa Musayevin illər sonra anası ilə üz-üzə gəlməsinə gözlərim doldu. Şou naminə kim nə edibsə, özü bilər, lakin o ahıl qadının oğlunu görməsinə şərait yaradanlar, bu işi təşkil edənlər böyük savab sahibləridir. Yeri gəlmişkən, hələ ki təzə bəy və gəlinin bal ayını harada qeyd edəcəkləri məlum deyil. Nəsə olan kimi mütləq yazacam.
 
Əgər Təranə Qumraldan danışdıqsa, Nazənindən heç nə yazmasaq, ayıb olar. Ya da sonra düşünəcək ki, yüz faiz ortada nəsə başqa söhbət var. Axı bizim sənət aləmində belədir. Elə ki bir müğənnini iki dəfə tənqid edirsən, deyir ki, filankəsdən pul alıb məni tənqid edirsən? Nazənin də deyib ki, özünə hörmət edən qadın vətəndaş nikahında yaşamaz. Qısası, bu sözün bir ucu da gedib Təranə Qumrala çatır. Axı Təranəylə Musa neçə illərdi rəsmi nikahda deyildilər. Milli.Az-ın mənə verdiyi tribunadan yararlanıb Nazənin xanıma bir sual verirəm. Əgər onun cavabını versə, növbəti “Həftəbecər”də bu məsələ barədə ətraflı yazacam. Söz! Nazənin xanım, sizcə 3-4 uşağın dədəsini arvadından boşatdırıb, yaxud da heç boşatdırmayıb, onunla bir müddət yaşamaq, sonra rəsmi nikaha daxil olmaq necə, ayıb sayılırmı? Bəri başdan verdiyim sualın nəylə nəticələnə biləcəyindən sizi xəbərdar edirəm. Əgər desəniz ki, ayıb sayılır, şou-biznes arvadlarının 90 faizi ilə düşmən olacaqsınız. Hamı da sizi qınayacaq. Amma niyə qınayacaqlarını deyə bilmərəm. Bəlkə deyəcəklər ki, onun özü də neçə illər kiminləsə vətəndaş nikahında yaşayıb. Nə bilim. Sənət adamlarından nə desən çıxar, ay toba.
 
İlahə İbadova “Xalq ulduzu”ndan çıxanda yaxşı mahnılar oxuyurdu. Üç ildir ki, yaradıcılığı qoyub bir kənara, hər verilişdə keçmiş ərindən danışır. Deyirəm gör bu üç-dörd dəfə ərə getsəydi, nə olardı e. Bu dəfə də deyib ki, əri onu küçədə döydüyünə görə polisə şikayət edib. Yeri gəlmişkən, bu məzmunda bir mahnı yazıb, əla da klip çəkdirmək olar. Onsuz da, bizim camaat “ağlamalinski” verilişləri, klipləri xoşlayır. Görmürsünüz, neçə gündür “Səni axtarıram” verilişinin üstündə qırğındı? Camaat da pult əlində qalıb girinc. Bilmir kanalı ANS-ə çevirsin, yoxsa ATV-yə.
 
Bir Nəsrin Cavadzadə var, deyilənə görə, əslən azərbaycanlıdır, Türkiyədə yaşayır. 2013-cü ildə ermənilərin Türkiyədəki nəşri olan “Agos” qəzetinə geniş müsahibə verib. Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” romanında yazılanlara haqq qazandırıb, azərbaycanlıları fərqli fikir qəbul etməməkdə suçlayıb. Ta bircə o qalıb desin ki, mən də erməniyəm. İndi onun çəkildiyi “Son mektup” filmini gətirib Bakıda geniş təqdimat-zad keçiriblər. Bu adamı kimin gətirdiyindən xəbərsizəm. Görünən budur ki, onu Bakıya gətirən adamın ya Nəsrinin dediklərindən xəbəri yoxdur, ya da Nəsrin Cavadzadədən. Sadəcə, ayıb olsun!

Milli.Az