"Report"un məlumatına görə, Unversitetin ekspertləri Rusiya iqtisadiyyatının 3 inkişaf ssenarisinin olduğunu qeyd edirlər:
1. Neftin qiyməti 2018-ci ilə qədər 50 dollar/barel səviyyəsində qalarsa;
2. Neftin qiyməti 2015-ci ildə 60 dollar/barel, 2016-cı ildə 70 dollar/barel, 2017-2018-ci illərdə 80 dollar/barel olarsa;
3. Neftin qiyməti 2018-ci ildə 50 dollar/barel səviyyəsinə düşərsə.
Proqnozlara görə, neftin qiyməti 80 dollar/barelə qədər yüksəlsə də, Rusiya iqtisadiyyatının yaxın iki ildə azalacağı gözlənilir. Müsbət ssenaridə ÜDM 6%, pis ssenaridə isə 7% azalacaq. Bu 2-illik resessiya dövründə işsizlik 5,2%-dən 7%-ə yüksələcək. Kredit şərtləri ağırlaşaraq əksər borcalanların borc yükünün artmasına və daha sonra iflas etməsinə gətirib çıxaracaq. İnvestisiyaların isə 15,2% azalacağı ehtimal olunur.
Bununla yanaşı, istənilən halda 2017-ci ildə Rusiyada ÜDM-in artacağı gözlənilir. Neftin qiyməti 80 dollar/barelə yüksələrsə artım 2,1%, 50 dollar/bareldə qalarsa 0,5% olacaq.
"Fitch" beynəlxalq reytinq agentliyi Rusiyada iqtisadi artımın 2017-ci ildə başlayacağı fikrində olsa da, "S&P" reytinq təşkilatı artımın artıq 2016-cı ildə başlayacağını və 1,9% səviyyəsində olacağını proqnozlaşdırır.
Lakin Ali İqtisadiyyat Məktəbinin ekspertləri hesab edirlər ki, ÜDM-in artımı hec də büdcə böhranı problemini həll etmir. Büdcə kəsirinin suveren fondlardan maliyyələşdirildiyi diqqətə alınarsa, neqativ ssenaridə Rusiya Ehtiyat Fondunun 2016-cı ildə, Milli Rifah Fondunun isə 2017-ci ildə tükənəcəyi və hətta 730 mlrd. rubl kəsirlə nəticələnəcəyi ehtimal olunur.
AİM analitikləri hesab edir ki, hətta neft 80 dollara qədər bahalaşsa da, 2015-ci və 2016-cı illərdə iqtisadi geriləmə sadəcə olaraq bir qədər yumşalacaq, 2017-ci və 2018-ci illərdə isə 2% artım baş verəcək. Lakin neftin qiyməti təkrarən düşərsə, Rusiya 2018-ci ildən etibarən yenidən resessiya ilə üzləşəcək.
Ölkənin ehtiyat fondları tükənərsə, 2018-ci ildən sonra Rusiya büdcə kəsirinin ÜDM-nin 1%-i qədər sekvestr həyata keçirməli olacaq. Nəticədə, büdcə xərcləri mümkün qədər azaldəlacaq.