Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Əfqanıstanın Nanqarhar əyalətinin Cəlalabad şəhərində baş verən iki partlayışda ən azı 30 nəfər həlak olub, yüzdən artıq insan isə yaralanıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, partlayışlar Kabul Bankının yerli şöbəsinin, həmçinin İnformasiya və Mədəniyyət Departamentinin yaxınlığında törədilib. Şahidlər partladıcı qurğunun velosipedə yerləşdirildiyini deyiblər.
Yaralıların sayının çoxluğu səbəbi ilə şəhərdə təcili tibbi yardım maşınlarının çatışmamazlığı hiss olunur, xəsarət alanların əksəriyyəti xəstəxanalara yerli sakinlərin maşınlarında çatdırılır. Həkimlər əhaliyə qan vermələri barədə xahişlə müraciət edib.
Hələ ki Əfqanıstanda fəaliyyət göstərən heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.