Bakı, 18 aprel, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-mart aylarında 2062,2 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb. Həmin dövrdə Ağstafa, Füzuli, Ağcabədi, Ağsu, Cəlilabad, İsmayıllı, Yevlax, Tərtər, Bərdə, Şamaxı, Lənkəran, Astara, Şabran və Zaqatala rayonları üzrə 18 yaşayış məntəqəsi qazlaşdırılıb.
Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”na uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri davam etdirilir. Qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən işlərin nəticəsidir ki, təbii qazla təchiz olunan yaşayış məntəqələrinin sayı durmadan artır.