Bakı. 17 aprel. REPORT.AZ/ Azərbaycan XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev, Ermənistan kütləvi informasiya vasitələrində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimdən olan “partiya”nın Belçikada qeydiyyatda olan Avropa Azad Alyansına üzv olması barəsində məlumata münasibət bildirib.
"Report"un xəbərinə görə, H.Hacıyev bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünü pərdələmək məqsədilə Ermənistan tərəfindən yaradılıb və ona əsasız şəkildə “öz müqəddəratını təyin etmə” donu geyindirilir.
Onun sözlərinə görə, öz müqəddəratını təyin etmə prinsipi işğal, təcavüz və qanlı etnik təmizlmə əsasında ifadə edilə bilməz.
"Ermənistanın işğal və təcavüz nəticəsində bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb, onlar fundamental hüquq və azadlıqlardan məhrum olublar. II Dünya müharibəsindən sonra Avropanın ən dəhşətli humanitar fəlakətlərindən biri törədilib. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəni və dini irs vəhşivəsinə talana və məhvə məruz qoyulub", - deyə XİN rəsmisi bildirib.