Bakı, 17 aprel, AZƏRTAC
Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyasının (BXA) yaradılmasından sonra xoreoqrafiya sənəti üzrə ilk dövlət imtahanları keçirilib.
BXA-dan AZƏRTAC-a bildiriblər ki, imtahan komissiyasında Akademiyanın aparıcı müəllimləri, balet və xalq rəqsləri artistləri iştirak ediblər. Komissiyaya Moskva Dövlət Xoreoqrafiya Akademiyasının professoru, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Lyudmila Kolençenko sədrlik edib. İmtahanların nəticələri müzakirə olunarkən L.Kolençenko müəllim və tələbələri təbrik edib, onların ötən illərlə müqayisədə nailiyyətlərinin daha yüksək olduğunu bildirib.
Rusiyalı professor qeyd edib ki, imtahana hazırlıq peşəkarlıq nöqteyi-nəzərindən düzgün, yaradıcılıq nöqteyi-nəzərindən isə daha səliqəli aparılıb. Qonaq, məktəbin bazasında Akademiyanın yaradılmasını müasir Azərbaycan mədəniyyətinin və təhsilinin böyük uğuru kimi dəyərləndirərək vurğulayıb ki, Akademiyanın maddi-texniki bazasının möhkəmləndiriləcəyi, buradakı şəraitin və tədris prosesinin beynəlxalq standartlara cavab verməsini, innovativ yanaşma və hazırkı ənənələrin qorunub saxlanmasını nəzərdə tutan islahatların keçiriləcəyi təqdirdə dünyanın bir çox teatrlarında Akademiyada yetişəcək kadrlara böyük ehtiyac yaranacaqdır.
Səfəri çərçivəsində professor L.Kolençenkonun Akademiyanın rəhbərliyi ilə bir sıra görüşləri olub, əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.


