Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də Sofiya şəhərində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə Bolqarıstanın Müqəddəs Kiril və Mefodi Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.
Azərbaycanın Bolqarıstandakı səfiri E.Kərimov və sözügedən kitabxananın direktoru B.Xristova tərəfindən imzalanan sənəd hər iki kitabxana arasında qarşılıqlı əməkdaşlıq baxımından olduqca əhəmiyyətlidir.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Müqəddəs Kiril və Mefodi Milli Kitabxanasında reallaşan tədbirdə E.Kərimov iki ölkə arasında əlaqələrin son dövrlər sürətlə inkişaf etməsindən, o cümlədən imzalanan sənədin kitabxanalararası əlaqələrin inkişafına verəcəyi töhfələrdən söz açıb.
Müqəddəs Kiril və Mefodi Milli Kitabxanasının direktoru B.Xristova isə öz növbəsində sənədin əhəmiyyətini vurğulayaraq kitabxanaçılıq sahəsində ölkələrimiz arasında təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Tədbirdə həmçinin Müqəddəs Kiril və Mefodi Milli Kitabxanasında Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən sərginin açılması barədə razılıq əldə olunub.