Bakı, 17 aprel, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirmə tədbirləri davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, növbəti treninqlər Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə aprelin 15-də Şəmkir rayonunun Aşağı Seyfəli kəndində, aprelin 17-də isə Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Bərdə rayonunun Zümürxan kəndində keçirilib.
Ekoloji təmiz kənd təsərrüfatının inkişafı, biznes planların və investisiya layihələrinin hazırlanması, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması mövzularını əhatə edən treninqlərdə iştirakçılara ekoloji təmiz kənd təsərrüfatı, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, biznes ideyanın yaradılması, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumatlar çatdırılıb.
Bundan başqa, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.
Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.