Lerik, 17 aprel, Bağır Əliyev, AZƏRTAC
Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında 2015-ci ilin birinci rübündə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov bu ilin üç ayında Lerikdə sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələr qazanıldığını bildirib.
Qeyd olunub ki, bu dövrdə rayonda 164 nəfər işlə təmin olunub, bunun 95-i daimi iş yerləridir. 180 şagird yerlik Pirasora, Boykəndil, Anbu kənd tam orta və Əvilə kənd ümumi orta məktəblərinin, Heydər Əliyev Fondunun vəsaiti hesabına Lerik şəhərində 100 yerlik uşaq bağçasının tikintisində işlər sürətlə davam etdirilib.
Bu ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunması ilə bağlı rayonda bır sıra tədbirlər də həyata keçirilib. İribuynuzlu mal-qaranın sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 130 baş, davarların sayı 301 baş çox olub. Təsərrüfatlarda diri çəkidə 36,7 ton çox ət, 5,1 ton çox süd, 4 min ədəd çox yumurta istehsal olunub.
Hesabat dövründə rayonda 2,6 min hektar sahədə əkin aparılıb. 2015-ci ilin məhsulu üçün rayon üzrə 1244 hektar sahədə, keçən illə müqayisədə 197 hektar çox payızlıq əkin keçirilib.
Diqqətə çatdırılıb ki, Lerikdə üzümçülüyün, çayçılığın, tütünçülüyün inkişafı üçün münbit şərait və keçmiş ənənələr mövcuddur. Yerli sahibkarlar dövlət dəstəyindən istifadə edərək tərəvəz sahələrinin, meyvə bağlarının daha da genişləndirilməsinə, məhsuldarlığın artırılmasına önəm verməlidirlər.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Lerik şəhərində tikintisinə ötən il başlanılan kənd təsərrüfatı idarəsi üçün inzibati binada tikinti işləri sürətlə davam etdirilir. Lerik şəhərinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yaradılması ilə bağlı bir sıra işlər həyata keçirilib. Qosmalian-Lerik yüksək təzyiqli magistral su xətti, şəhərdaxili su və kanalizasiya xətlərinin bir hissəsi quraşdırılıb, bir neçə məhəllədə su tutarları inşa olunub.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında ötən il olduğu kimi, bu il də rayon sakinlərinin tibbi müayinədən keçməsi uğurla aparılır. Rayonda indiyədək 31993 nəfər tibbi müayinədən keçib, xəstəlik aşkar edilmiş vətəndaşlar ambulator və stasionar müalicəyə olunub, 26 nəfər Bakı şəhərinə göndərilib.
Yığıncaqda çıxış edənlər bu ilin üç ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işləri ətraflı təhlil edib, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Şura iclasında verilən təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar qəbul olunub.