Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, ədəbiyyatşünas alim, professor Bədirxan Əhmədovun “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, nəşrdə XX yüz il ədəbiyyatının mərhələ və problemləri təhlil edilir. Tədqiqatda Azərbaycan ədəbiyyatının milli hərəkat dövrü və onun realizm, romantizm, maarifçi realizm, cümhuriyyət ədəbiyyatı, sosrealizm və 60-cı illər mərhələləri, ədəbi prosesin xarakteri, nəsr, peziya, dramaturgiyanın inkişaf yolları, eləcə də repressiyanın genezisi, mühacirət və legion ədəbiyyatı və s. problemlər çağdaş meyarlarla araşdırma obyektinə çevrilir.
Monoqrafiyada yüz ilin ədəbi prosesinə, mərhələ və problem təsnifatına elmi, nəzəri, konseptual baxış ifadə olunur.
Nəşrin elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.