Şəmkir, 17 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Şəmkirdə, Heydər Əliyev Mərkəzində tanınmış qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq şahmat turnirinin ilk oyunları start götürüb.
AZƏRTAC xəbər verir ki, ötən il olduğu kimi, bu dəfə də mərkəzi partiyada birinci gedişi Vüqar Həşimovun bacısı qızı Nərmin Allahverdiyeva edib. O, turnirin birinci oyununda - dünya çempionu Maqnus Karlsen ilə hindistanlı sabiq dünya çempionu Vişvanatan Anandın görüşündə “e2-e4” gedişini edib.
Birinci turun digər oyunlarında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ağ fiqurlarla İtaliya şahmatçısı Fabiano Karuana, Rauf Məmmədov (ağ fiqurlarla) fransalı Maksim Vaşye-Laqrav ilə oynayırlar. Bu turda, həmçinin Vladimir Kramnik (Rusiya) – Maykl Adams (İngiltərə) və Uesli Sou (ABŞ) – Aniş Giri (Niderland) görüşləri də keçirilir.

