Minsk, 17 aprel, AZƏRTAC
AZƏRTAC BELTA-ya istinadən xəbər verir ki, aprelin 22-dən 25-dək Belarusun paytaxtında telekommunikasiyalar, informasiya və bank texnologiyaları üzrə “TİBO-2015” XXII Beynəlxalq ixtisaslaşdırılmış forumu keçiriləcək.
Forum çərçivəsində “TİBO-2015” XXII Beynəlxalq ixtisaslaşdırılmış sərgisi və informasiya cəmiyyəti texnologiyaları üzrə XXII Belarus konqresi keçiriləcək.
1994-cü ildən keçirilən “TİBO” forumu MDB və Baltik ölkələrində bu mövzuda ən böyük sərgi tədbirlərindən biridir. Sərgi hər il Belarusun və xarici ölkələrin aparıcı telekommunikasiya avadanlığı, kompüter və proqram təminatı, təhlükəsizlik vasitələri və sistemləri istehsalçılarının, müxtəlif İKT xidmətləri təchizatçılarının diqqətini cəlb edir.
XXII “TİBO” forumu informasiya-kommunikasiya texnologiyalarının inkişafında yeni dünya meyillərinin təqdim olunmasına və onların Belarusda səmərəli istifadə olunmasına şərait yaratmaq məqsədi daşıyır.
Qeyd edək ki, Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkovun bu yaxınlarda Bakıda işgüzar səfəri çərçivəsində telekommunikasiyalar, informasiya və bank texnologiyaları üzrə “TİBO-2015” Beynəlxalq ixtisaslaşdırılmış forumunda Azərbaycan nümayəndə heyətinin iştirakı məsələləri müzakirə edilib.

Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk