Bakı, 17 aprel, E.Hüseynov, AZƏRTAC
İranla səhiyyə sahəsində əməkdaşlıq layihələrinə dəstək verməyə hazırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizdə rəsmi səfərdə olan İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində aprelin 17-də keçirilən görüşdə dərman preparatlarının istehsalı sahəsində birgə əməkdaşlıq, icbari tibbi sığorta və Azərbaycan vətəndaşlarının İranda müalicəsinin təşkili kimi məsələlər müzakirə olunub.
Qonaqları salamlayan nazir Oqtay Şirəliyev əmək və sosial müdafiə məsələlərinin hər bir ölkə üçün önəmli və vacib sahə olduğunu bildirib, Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində görülmüş işlərdən danışıb. Nazir Azərbaycanda son illərdə 500-dən artıq tibb müəssisəsinin tikilərək və ya əsaslı təmir olunaraq vətəndaşların isfadəsinə verildiyini, bu səhiyyə ocaqlarında ən yüksək texnologiyalarla cərrahiyyə əməliyatlarının aparıldığını qonaqların diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycanın tibb mütəxəssisləri iranlı həmkarları ilə birgə görüşlər keçirərək təcrübələrini bölüşürlər ki, bu da hər iki ölkənin səhiyyəsinin inkişafı üçün çox vacibdir. Eyni zamanda, Azərbaycan Tibb Univesiteti ilə İranın tibb universitetləri arasında olan əlaqələrə də toxunulub. Qeyd olunub ki, Azərbaycanda 600-dək özəl tibb müəssisəsi fəaliyyət göstərir ki, bunların arasında İranın da klinikaları vardır.
O. Şirəliyev iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin daha da genişləndirilməsinin tərəfdarı olduğunu bildirib.
Öz növbəsində iranlı nazir Əli Rəbiin Azərbaycanla qurulmuş əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün hər bir şəraitin olduğunu bildirib və ölkəsinin səhiyyə sistemi barədə məlumat verib. O qeyd edib ki, İranda əhalinin icbari tibbi sığortası tam həyata keçirilib. Hazırda hər bir iranlı tibbi sığorta kitabçasına malikdır.
Görüşdə dərman preparatlarının istehsalı sahəsində İranın əldə etdiyi nailiyyətlərdən də danışılıb. İranlı nazir dərman preparatlarının hazırlanması sahəsində Azərbaycanla əməkdaşlıq etmək istədiklərini bildirib.
Oqtay Şirəliyev bununla bağlı layihənin hazırlanmasını və tətbiqini dəstəklədiyini bildirib və bu məsələnin vacibliyini vurğulayıb.