Berlin, 17 aprel, AZƏRTAC
Aprelin 15-də Berlində Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) təşəbbüsü və Berlin Ticarət və Sənaye Palatasının (İHK) dəstəyi ilə 25-dən artıq şirkətin və Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən olan 200-dən artıq tələbənin iştirakı ilə “Global İstedad” adlı görüş təşkil edilib.
Görüş çərçivəsində iştirakçılara Avropada uğurlu karyera qurmağın tələbləri, yerli və beynəlxalaq şirkətlərə iş üçün müraciət mərhələsində nəzərə alınmalı olan məqamlar və məqsədə müvəffəq olmağın sirləri haqqında SOCAR, PwC və E.ON kimi böyük şirkətlərlə yanaşı, kiçik və orta miqyaslı şirkətlərin nümayəndələri və bəzi alman diplomatik organlarının təmsilçiləri tərəfindən ətraflı məlumat verilib. Onlara məşhur şirkətlərlə münasibət imkanı yaradılıb. Görüşdə təmsil olunan Almaniya Xarici İşlər Nazirliyinin nümayəndələri iştirakçılara nazirlikdəki iş imkanları və şərtləri ilə bağlı məlumat və tövsiyələrini verib, onların suallarını cavablandırıblar.
Müasir və dinamik təqdimat formatında təşkil olunan müzakirələr mərhələsində Almaniyada peşəkar fəaliyyət göstərən başqa millətdən olan qonaqlar tələbələrə Avropada iş həyatının imkan və çətinlikləri barədə danışıb və tövsiyələr veriblər.
2013-cü ildə Almaniyanın Düsseldorf şəhərində təşkil olunmuş ilk görüşlə müqayisədə bu ilki tədbirin miqyası əhəmiyyətli dərəcədə böyüyüb, daha çox şirkət təmsil olunub və iştirakçıların sayı artıb. Sevindirici haldır ki, Düsseldorf görüşünün bəzi iştirakçıları onlara verilən imkandan layiqincə yararlanıb və artıq bu ilki görüşə işlədikləri müəssisələrin təmsilçiləri kimi qatılıblar.
ASN-dən bildirilib ki, layihənin məqsədi Avropada iş həyatı qurmaq istəyən həmvətənlərimizə doğru istiqamət göstərmək, onlara gələcəkdə vətənimiz üçün faydalı ola biləcək sahələrdə ixtisaslaşmaq şəraiti yaratmaqdır. Layihənin uğurlu olmasından ilhamlanan tələbə şəbəkəsi bu məqsədli görüşlərin gələcəkdə də təşkil olunmasını planlaşdırır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin