Bakı, 16 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi aprelin 16-da Nəsimi Rayon İcra Hakimiyyəti və birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) təhlükəsizlik departamenti ilə birgə “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirib.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq mühafizə orqanlarının, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis, səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin, BEGOC təhlükəsizlik departamentinin səlahiyyətli şəxsləri iştirak ediblər.
Müşavirədə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Oyunlara hazırlıq dövründə rayonda görülən işlər barədə ətraflı məlumat verib. N.Məhəməliyev, həmçinin tədbir iştirakçılarına Nəsimi rayonunda aparılan geniş abadlıq-quruculuq işlərindən danışıb.
Tədbirdə FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunları ilə bağlı qarşıda duran ümumi vəzifələr” mövzusundakı təqdimatla çıxış edib. O, çıxışında fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təchizatı idarələri və s. müəssisələrin birgə mümkün fəaliyyətinin istiqamətləri üzrə qarşıda duran vəzifələri diqqətə çatdırıb.
BEGOC təhlükəsizlik departamentinin direktoru Piter Aşvin təqdimatla çıxış edərək Oyunların təşkili mərhələləri, eləcə də yarışlar zamanı ehtimal olunan potensial təhlükələr, onlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə məlumat verib.
Müzakirələrdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri görülən hazırlıq işləri, mövcud problemlər və onların həlli yollarından danışıblar.
Müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
