Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 13-dən başlayaraq respublikanın bir sıra rayonlarında, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən baytarlıq apteklərində baytarlıq nəzarətini həyata keçirmək məqsədi ilə monitorinqlərə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqin keçirilməsində əsas məqsəd xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyətini dayandırmaq, apteklərdə qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin satışının qarşısını almaqdır.
Aprelin 15-nə kimi Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşlarının iştirakı ilə aparılan monitorinq zamanı Ağcabədi rayonunda 13, Kürdəmir rayonunda 4, Bakı şəhərində isə 6 lisenziyasız fəaliyyət göstərən baytarlıq apteki aşkar edilib. Eləcə də bir sıra baytarlıq apteklərində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatları, yem və yem əlavələrinin satışının aparıldığı müəyyənləşib.
Lisenziyasız fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyəti müvəqqəti dayandırılıb. Qeyri-qanunu satışı aparılan dərman preparatları qanunvericiliyə uyğun olaraq akt əsasında zərərsizləşdirmək məqsədi ilə müsadirə olunub.
Monitorinqlərin mütəmadi aparılması nəzərdə tutulur.