“İran İslam dövlətinin xarici siyasətində əsas məqsəd İslam me­yar­la­rı əsas tutularaq, bütün müsəlman xalqları ilə dostluq və qardaşlıq münasibətləri qur­maq və dünya məzlumlarını himayə etməkdir”.  Bu fikir, İran İslam Respublikasının konstitusiyasında öz əksini tapıb.  Lakin ən sadə həqiqət bundan iba­rət­dir ki, bu gün İran bir milyona yaxın azərbaycanlını doğma yurdlarından didərgin sa­lan Ermənistanla və Dağlıq Qarabağ erməniləri ilə ən yaxın əlaqələr quran, Azər­bay­can və Türkiyənin işğalçı ölkəni təcrid etdiyi bir zamanda onu himayə edən əsas is­lam döv­lə­ti­dir. Aşkar görünən budur ki, İran üçün Ermənistanla bağlı merkantil-siyasi mə­nafelər da­ha önəmlidir, nəinki mənəvi dəyərlər və din qardaşı elan etdiyi Azər­bay­ca­nın maraqları.

İran Yaxın və Orta Şərqdə, Mərkəzi Asiya və Azərbaycanda “İran xarakterli şəriət qaydaları” ilə idarə olunan və onunla eyni ideologiyanı paylaşan, bu ölkəyə loyal mü­na­si­bət bəsləyən teokratik rejimlərin mövcudluğunda maraqlıdır. Bununla o, Yaxın Şərq-Mərkəzi Asiya-Cənubi Qafqaz regionları arealında əsas güc mərkəzi statusuna yi­yə­lən­məyə can atır. İranın “Böyük şeytan” adlandırdığı ABŞ sadalanan bölgələr üzrə öz he­ge­mon­luğunu demokratik dəyərləri yaymaq, Rusiya təsirli hərbi iştirak rıçaqlarını formalaşdırmaqla təmin etməyə çalışırsa, bu mənada İran üçün əsas alət qismində “şiəlik məzhəbi”nə əsaslanan İran yönümlü sosial resursların formalaşdırılması çıxış edir. Dün­ya ictimaiyyətinin etirazlarına baxmayaraq, İran İslam Respublikasının bütün ciddi cəhd­lə nüvə silahı əldə etməkdə israrının əsas səbəbi də onun məhz hərbi-siyasi təsir rı­çaq­la­rı­na malik böyük regional dövlətə çevrilmək ambisiyaları ilə izah edilməlidir. Məlumdur ki, nüvə silahı hərbi təyinatından daha çox rəqib dövlətləri hədələmək və onlara təzyiq gös­tərmək üçün siyasi vasitə hesab olunur. Bu mənada, Tehran rejiminin də məqsədi bu­nun­la qüvvətli şantaj alətinə yiyələnməkdir. Onun bu silahı əldə etməsi nəinki bölgədə, elə­cə də bütün dünyada sülhə və sabitliyə əsas təhdidlərdən biridir.

 

Geosiyasi maraqlar, habelə Azərbaycanın sivilizasiyalı dünya sisteminə in­teq­ra­si­ya yolunu seçməsi, öz Konstitusiyasında dünyəvi dövlət quruculuğu prinsipini təsbit et­mə­si, Qərbin enerji təchizatında rol oynayan irimiqyaslı layihələrdə iştirakı, Cənubi Azər­baycanı öz tarixi ərazisi sayması və sair bu kimi xüsuslar ölkəmizi İranın hədəfinə çevirir.

Ötən əsrin 90-cı illərindən etibarən İranın Azərbaycanda fəaliyyət taktikası İslam inqilabının nəticələrinin ölkəmizə ixracı, öz maraqlarına uyğun sosial bazanın təşkili, mü­əyyən ictimai-siyasi qüvvələrin dəstəklənməsi ilə müvafiq təsir rıçaqlarının for­malaş­dı­rıl­ması kimi hədəflərin təmininə əsaslanırdı.

Hazırda İran şiəlik məzhəbini siyasi maraqlarına alət etməklə müxtəlif etnik qruplar, xüsusən cənub bölgəsinin talış əhalisi arasında separatçı meylləri gücləndirməsi müşahidə edilir. Yeri gəlmişkən, İran Azərbaycanda milli azlıqların hü­quq­la­rının “təəssübkeşi” qismində çıxış edən yeganə dövlət deyil. Ermənistan və bu öl­kə ilə əlaqəli dairələr də zaman-zaman ölkəmizdə “bu sahədə problemin möv­cud­lu­ğu­nu qabardaraq” müxtəlif tədbirlər təşkil edir, bu səpkidə öz «narahat­çı­lıq­la­rı­nı» ifadə edirlər.

 

İran hazırda Rusiya və Ermənistanla üçtərəfli strateji müttəfiqlik oxu qurmuşdur. Lakin Ermənistanı İran və Rusiyanın müttəfiqi yox, satelliti, yəni əlaltısı adlandırmaq daha doğru olardı, çünki müttəfiqlik münasibətləri ilk növbədə özündə bərabərhüquqlu tərəfdaşlıq anlayışını ehtiva etdirir, satellit isə vassal statusundan o yana gedə bilməz. Müvafiq müttəfiqlik oxunun məqsədi ABŞ başda olmaqla Qərbin, o cümlədən NATO ölkəsi olan Türkiyənin bölgədəki nüfuzunun artmasına mane olmaqdır. Demək olar ki, Ermənistan bu vəziyyətdə Rusiyanın cənub, İranın isə şimal forpostu hesab oluna bilər.

Bir məsələnin üzərində xüsusi dayanmaq istərdik: Ermənistan dövləti ə Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqeyə görə rəsmi Tehrana MİNNƏTDARDIR. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan hər fürsətdə, İran rəsmiləri ilə hər görüşdə açıq surətdə ifadə edir. Sadə məntiq - deməli, İranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Sarkisyan iqtidarının maraqlarına tam cavab verir ki, erməni nazir də ölkəsinin bu «rəsmi minnətdarlığını» hər dəfə böyük həvəslə Tehran siyasilərinin nəzər diqqətinə çatdırır.   

Elə təəssürat yaranır ki, İslamın şiə məzhəbi pərdəsi altında gizlənən, əslində isə çoxəsrlik fars şovinizmi siyasəti davam etdirən İran özündən başqa heç bir islam dövlətinin güclənməsini və inkişafını istəmir, əksinə, fürsət düşdükcə buna mane olmağa çalışır. Sanki İran nə Yaxın Şərqin ərəb ölkələrinin, nə Türkiyənin, nə də Azərbaycanın irəliləyişini arzulamır.

Bəzi müşahidəçilərin fikrincə, İran bu gün regionda sabitliyi pozmaq üçün bütün mümkün vasitələrdən, o cüm­lədən, birbaşa silahlı müdaxilədən, radikal-ekstremist qüvvələrin dəstəklənməsindən belə çəkinmir. Uzun müddətdir İraqda, Suriyada, Livanda siyasi-hərbi mövcudluğunu tə­min edən İran bu yaxınlarda öz nüfuz dairəsini genişləndirmək üçün Yəməndə baş qal­dır­dı. Ənənəvi olaraq, Yəməndə də bu maraqları naminə əsas istinad qüvvəsi kimi şiə qrup­laşmalarından istifadə edən Tehran bu yolda ABŞ və Qərb dövlətlərinin dəstəyinə ma­lik ərəb ölkələri və ya başqa deyimlə “Sünni koalisiyası” ilə üz-üzə gəlməkdən çə­kin­mir.

Yəməndəki son hadisələr, Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ərəb dövlətinin vahid mövqedən çıxış edərək bu ölkəyə hərbi müdaxiləsi, «ərəb koalisiyası» ilə ona qarşı duran İranın öz hüdudlarından kənarda böyük siyasi oyunlara başlamasının təzahürüdür. Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Yəmənin şiə Huti tayfalarını dəstəkləyən İran bununla mövqelər əldə etmək, Ərəbistan yarımadasının cənub hüdudlarında möhkəmlənmək niyyətindədir. Hazırda İranın siyasi dairələrində Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlar müzakirə edilir. İran rəsmiləri Səudiyyə təcavüzünə son qoymaq məqsədilə dünya ictimaiyyətini həmrəyliyə dəvət edir. Halbuki, Yəməndə hadisələrin bu həddə çatmasında İran dövlətinin özünün məsuliyyəti heç də az deyil.    

 “Roma Papasından daha artıq katolik olmaz” deyiminə baxmayaraq, İran bu gün təbliğat apararaq, dünyada hər kəsdən daha artıq müsəlman dövləti olmasını sübut etməyə çalışır, lakin biz əməldə bunun tam əksini görürük. 

Xəzər Təbrizi