Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya idarəsi şirkətin dənizdəki müəssisələrinin Xəzərin ekosisteminə təsir parametrlərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və neft-qaz yataqları ərazisində ətraf mühitin ekoloji göstəricilərinin təyin olunması məqsədilə ekoloji monitorinqlərə start verib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ekoloji monitorinq beynəlxalq konvensiyaların, “Ətraf Mühitin Mühafizəsi haqqında” Qanunun, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”nin və SOCAR-ın ekoloji siyasət sənədinin müddəalarının tələbləri ilə tənzimlənir. Su qatının stratifikasiyası dövrlərində planktonun populyasiya sıxlığının, suyun üst və alt qatlarında qida maddələrinin, o cümlədən yem zəncirinin daha effektiv öyrənilməsi məqsədilə monitorinqlər mövsümi olaraq (yaz-payız) keçirilir.
Tədqiqatlar ekologiya idarəsinin tədqiqatlar ekspedisiyası tərəfindən neft-qaz yataqlarının yerləşdiyi ərazilər üzrə hidrometereoloji şərait nəzərə alınmaqla tərtib olunmuş plan çərçivəsində ilk olaraq “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qaz çıxarma idarəsinin “8 mart”, Səngəçal-Duvannı-Xərə-Zirə yataqlarında başlanılıb. Monitorinqlər ixtisaslaşmış ekspedisiya qrupu tərəfindən və tədqiqatların aparılması üçün bütün zəruri cihaz və avadanlıqlar ilə təchiz edilmiş tədqiqat gəmisi vasitəsilə yerinə yetirilir. Monitorinqlər zamanı layihə üzrə seçilmiş hər bir stansiyada okeanoloji parametrlər ölçülür, su, dib çöküntüləri, fitoplankton və zooplankton nümunələri götürülüb, fiksasiya edilir, o cümlədən nümunələrdə bir sıra fiziki parametrlər - hidrogen ionlarının qatılığı (pH), oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperatur ekspedisiya gəmisində quraşdırılmış laboratoriyada analitik cihazlar vasitəsilə təyin olunur. Daha sonra nümunələr kodlaşdırılır və ətraflı analiz üçün ekologiya idarəsinin kompleks tədqiqatlar laboratoriyasına təqdim edilir. Laboratoriyada aparılmış analitik tədqiqatların nəticələri daxil edilməklə hər bir yataq üzrə mövcud ekoloji vəziyyəti, flora və faunanı, su və dib çöküntüləri nümunələrində çirklənmə səviyyəsini, o cümlədən ekoloji göstəricilərin illər üzrə dəyişmə dinamikasını özündə əks etdirən hesabatlar tərtib edilir. SOCAR-ın şurası tərəfindən təsdiq edilmiş illik iş proqramına və monitorinq planına əsasən yaz mövsümü monitorinqlərinə mayın sonunda yekun vurulacaq.