Beyləqan, 16 aprel, AZƏRTAC
Beyləqan şəhərində cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, məruzə və çıxışlarda ilin üç ayında Beyləqan rayonunda sosial-iqtisadi inkişafın artan templə davam etdiyi, ümumi məhsul buraxılışının 3 faiz artaraq 37 milyon manata, əsas kapitala yönəldilən investisiyaların isə 11 milyon manata çatdığı vurğulanıb.
Bildirilib ki, hesabat dövründə Beyləqan şəhərində Şəhidlər abidə kompleksi və Veteranlar parkı yenidən qurulub, N.Nərimanov, M.Ə.Rəsulzadə, Sevil Qazıyeva küçələrində ümumilikdə 12 min kvadratmetr əraziyə yeni asfalt örtüyü salınıb, Birinci Şahsevən kəndində Sovet İttifaqı qəhrəmanı Gəray Əsədovun ev muzeyi təmir edilib. Həmçinin Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun 20 kilometr hissəsi asfaltlanıb. “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayon ərazisində 6385 ədəd ağac əkilib.
Toplantıda təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində həyata keçirilmiş tədbirlərdən, aqrar sahədə əldə olunan uğurlardan, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən də bəhs edilib.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb, qarşıda duran vəzifələrdən danışılıb.
