Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Respublikasının Əməkdar Rəssamı Telman Abdinovun “Yaradıcılıqda 40 il” adlı fərdi sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək Telman Abdinovun yaradıcılığı barədə ətraflı danışıb.
Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, professor Kərim Kərimov, Miniatür Kitab Evinin direktoru Zərifə Salahova və digərləri çıxış edərək rəssamın fəaliyyətindən, çəkdiyi dəyərli rəsm əsərlərindən söz açıb, 40 illik uğurlu yaradıcılığında böyük nailiyyətlər qazanması münasibəti ilə onu təbrik ediblər.
Aprelin 22-dək davam edəcək sərgidə rəssamın 80-ə yaxın əsəri nümayiş olunur.


