Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Bakıda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində bildirib.
Onun sözlərinə görə, islam dini öz ardıcıllarının sayına görə dünyada 2-ci yerdədir və bu gün dünyanın elə yeri yoxdur ki, orada islam dini yayılmasın: “İslam dünyadakı siyasi-ictimai həyata təsir göstərir. Hazırda dünyadakı silahlı münaqişələr və digər problemlərin həlli üçün çağırışlar islam dini üçün də aktualdır. Dünyadakı problemlərin həlli üçün bütün dünya xalqlarının, bütün dini mənsubların birləşməsi vacibdir. Hazırda dünyada 80-ə yaxın alovlanmış silahlı münaqişə var. Təəssüf ki, onların çoxu islam ölkələrinə xasdır. Onların arasında xüsusilə təriqətlərarası, məzhəblərarası münaqişələr üstünlük təşkil edir. Bu cür münaqişələrin aradan qaldırılması üçün səylərin birləşməsi vacibdir”.
M.Qurbanlı qeyd edib ki, müasir dövrdə islam maarifçiliyinin özünəməxsus xüsusiyyətləri var: “İslam maarifçiliyi islam dini ilə başqa dinlərin birgə yaşayışını Quranda olan və Peyğəmbərdən gələn prinsiplər üzərində təşviq və təbliğ edir. İslam dini insanları bir-birinə əl tutmağa, zərərli vərdişlərdən uzaq durmağa çağırır. İslamı yalnız radikalların simasında görüb onu elə təbliğ etmək istəyənlər islamofobiyaya rəvac verə bilərlər. Lakin elm aləmində islamofobiya müşahidə olunmur. Çünki alimlər islamın mahiyyətini anlayırlar. Qərb alimləri islam dünyasının bilgilərini əxz edərək onları mənimsəyib universitetlərində tədris ediblər. Bu gün də onlar Avropada tədris olunur”.
Komitə sədri bildirib ki, bu gün Avropada müxtəlif qruplar meydana gələrək islam əleyhinə çağırışlar edirlər: “Onlar əsl islama qarşı deyil. Onların bəziləri faşist ideologiyasının ardıcıllarıdır. Amma orada özünü elm adamı kimi təqdim edənlər də var. Ona görə də islam maarifçiliyi böyük əhəmiyyət daşıyır. İslam maarifçiliyi məsələsində islam ölkələri arasında koordinasiyanın yaradılmasına ehtiyac var. Bu işə elm, tədris mərkəzləri, QHT-lər cəlb edilməlidir”.
Milli.Az