Bakı, 16 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı, rayon gənclər və idman idarəsi tərəfindən məktəblilər arasında stolüstü tennis yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan idmançılarının beynəlxalq arenalarda ardıcıl qələbələr qazandıqları qeyd olunub. Bildirilib ki, bu uğurlar nəticəsində Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır.
Çıxışlardan sonra yarışa start verilib.
İyirmi məktəbin komandasının iştirak etdiyi yarış Olimpiya sistemi üzrə keçirilib. Yekunda 229, 145 və 238 nömrəli məktəblərin kollektivləri müvafiq olaraq ilk üç yerdə qərarlaşıb.
Qaliblər medal və diplomlarla mükafatlandırılıb.