“İçərişəhər” və “Qala” qoruqlarında “açıq qapı” günü olacaq. Aksiya 18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə keçiriləcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, habelə “Qala” Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.

Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arzu edən hər kəsi tarixi irsimizlə yaxından tanış olmağa dəvət edir.

Mənbə
ANS PRESS