"Onlar övladlarım, ürəmiyin bir paralarıdır. Onların ölmələrinə əsla imkan verə bilmərəm. Böyrəyimi satıb pul əldə etmək və balalarımın müalicəsinə başlamaq fikrindəyəm".
 
5 yaşlı Yogita Nandvana, onun 3 yaşlı bacısı Anişa və 18 aylıq qardaşı Harş Hindistanda yaşayırlar. İki balaca bacı və onların kiçik qardaşı həddən artıq izafi çəkilidir, piylənməyə məruz qalıblar.
 
Yogitanın çəkisi 34,1 kq, Anişanın - 47,7 kq, yaşyarımlıq Harşın isə 14,9 kiloqramdır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu uşaqların böyük bacıları, 6 yaşlı Bhavika normal çəkilidir. Daha doğrusu, arıqdır, hətta çəlimsizdir.
İki bacı və bir qardaş çox yediklərindən Nandvana ailəsinin başçısı Rameşbhayın dediyinə görə, gələn həftədən etibarən iki ailə saxlayacaq: "Bu uşaqların həftəlik qidası bir ailənin yemək xərci qədərdir. Çox çətin vəziyyət yaranıb. Uşaqların müayinəsi və müalicəsi üçün böyrəklərimdən birini satıb pul əldə etmək niyyətindəyəm".
 
Hindistanın Qucarat ştatında yaşayan 34 yaşlı Rameşbhay və onun xanımı, 30 yaşlı Praqna Ben pul tapan kimi övladlarını paytaxta, Dehliyə aparmaq istəyirlər.
 
"Uşaqlar çox kök olduqlarından onların orqanizmlərinin qidaya tələbatı böyükdür. Balalarım daim ac olduqlarından günün əksər hissəsini yemək bişirməklə keçirirəm", - Praqna Ben söyləyib.
 
Praqna günə 30 çapati, yəni yerli lavaş bişirmək və 1 kq karri hazırlamaqla başlayır.
Rameşbhay Nandvana qara fəhlə işləyir və ayda 3 min rupi, yəni 43 dollar maaş alır. Lakin o, əlavə işlərdə də çalışdığı üçün balalarını yemləməyə hələlik pul tapır.
 
"Hər gün çox işləyirəm. Səhər açılandan gecədən xeyli keçənədək. İşdən çıxandan sonra evlərdə işləyirəm, quyu, xəndək qazıram, daş daşıyıram. Ailəmi dolandırmaq üçün dayanmadan çalışıram", - Rameşbhay söyləyib.
 
Yoqita və Anişanın hər biri hər gün 8 çapati, 1,5 kq düyü, 3 qab bulyon, 5 paket çips, 5 qutu peçenye və 12 banan yeyir.
Həddən artıq kök olduqları üçün bu uşaqlar yeriyəndə olmazın əziyyət çəkirlər.
 
Qucarat ştatındakı Mandavia Uşaq Hospitalının pediatrı Akşay Mandavianın dediyinə görə, bu uşaqlarda piylənmə ifrat səviyyədədir: "Onlar normal nəfəs ala bilmir, xırıldayırlar. Bu uşaqların pyilənməsi endokrin xəstəliyi və ya Prader-Villi sindromu ilə bağlı ola bilər".
 
Milli.Az