Bakı. 16 aprel. REPORT.AZ/ "Türkiyənin həyata keçirdiyi xoş məramlı siyasətin qarşılığında Avropa Parlamenti bu qərarı ilə tarixi siyasətə alət edib". "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Avropa Birliyi üzrə naziri, baş müzakirəçi Volkan Bozkır Avropa Parlamentinin "erməni soyqırımı" ilə bağlı qətnaməsinə münasibət bildirərkən deyib. 
Nazir qeyd edib ki, bu tip qərarların Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur: "Yüz milyonlarla avropalını təmsil edən Avropa parlamentin işi tarix yazmaq, onu araşdırmaq deyil, Avropada bu gün baş qaldıran problemləri həll etməkdir. Avropa Parlamenti bu qərarı ilə keçmişdə yaşanan ağrı-acılar arasında ayrı-seçkilik edib. Birinci dünya savaşında həyatını itirən türk və müsəlman xalqların məruz qaldığı zülmləri görməzliyiə vuraraq, sadəcə ermənilərin acılarını önə çıxarıb".
Onun sözlərinə görə, II dünya savaşından sonra Avropa İttifaqı dostluq və əməkdaşlığı inkişaf etdirmək üçün meydana çıxıb: "Tarixdən düşmənlik yaratmaq üçün istifadə edilən bu qərar Avropa Birliyini quran dövlət xadimlərinin ideyaları ilə uzlaşmır".
Aprelin 15-də Avropa Parlamentinin qəbul etdiyi qətnamə Avropa İttifaqına üzv ölkələrin parlament və hökumətləri tərəfindən qondarma "erməni soyqırımı"nın tanınması üzrə uyğun sənədlər qəbul etməsini nəzərdə tutur və Türkiyəni 1915-ci ildə Osmanlı imperiyasında yaşananları "erməni soyqırımı" kimi tanımağa çağırır.