Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) “Memarlıq irsimizin qorunması və istifadəsi problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, AMİU-nun rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova konfransın əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycanın tarixi abidələri dövlətimizin qədimliyinin göstəricisidir və bu irsimizin qorunması istiqamətində səylərimizi artırmalıyıq. Maddi mədəniyyət abidələrimizin böyük əksəriyyətinin işğal olunmuş ərazilərdə yerləşdiyini bildirən rektor diqqətə çatdırıb ki, ermənilər tarixi irsimizi dünyaya öz memarlıq nümunələri kimi təqdim etməyə çalışırlar. Bunun qarşısını almaq üçün müəyyən işlər görülüb və görülməkdədir. Amma daha ciddi addımların atılması vacibdir. G.Məmmədova deyib ki, hazırda respublika ərazisində bərpaya ehtiyacı olan xeyli sayda tarixi nümunələr var və onların bərpası ixtisaslaşmış mütəxəssislərə həvalə edilməlidir.
Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadə bildirib ki, tarixi abidələrin bərpası olduqca vacib məsələdir. O, ötən əsrin 80–ci illərində bu istiqamətdə işlərə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlandığını xatırladıb. E.Qasımzadə sonrakı tarixi proseslərin təsirindən memarlıq nümunələrinin bərpası ilə bağlı işlərin dayandırıldığını söyləyib. Qeyd edilib ki, bu işlər növbəti dəfə 1993–cü ildən sonra bərpa olunub və hazırda davam etdirilir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə çıxışında 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün mahiyyətindən danışıb. Bildirib ki, bu əlamətdar günün təsis edilməsinin məqsədi memarlıq nümunələrinin bərpasına diqqəti artırmaqdır.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyev Azərbaycanda olan abidələrin dövlət dəstəyi ilə tədqiq və bərpa edildiyini diqqətə çatdırıb. Qobustan qoruğuna milli qoruq statusu verildiyini deyən R.Nuriyev bildirib ki, hazırda dövlət tərəfindən “Atəşgah” tarixi abidəsinin qorunması və bərpası istiqamətində də işlər aparılır. Ümumilikdə 6.308 abidənin dövlət mühafizəsinə götürüldüyünü diqqətə çatdıran R.Nuriyev vurğulayıb ki, bundan əlavə 1.725 yeni abidə aşkarlanıb. Həmin abidələrin də bərpasına başlanacaq.
Digər çıxış edənlər də konfransın memarlıq nümunələrinə diqqətin artırılmasına müsbət təsir göstərəcəyini vurğulayıblar.
Sonda Azərbaycanın bölgələrində olan abidələrin vəziyyəti ilə bağlı məruzələr dinlənilib.