Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də “28 Cinema” kinoteatrında Çanaqqala savaşından bəhs edən “Son məktub” filminə həsr olunan mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Türkiyənin Yunus Əmrə İnstitutu direktorunun müavini Şaban Çobanoğlu təmsil etdiyi təhsil ocağının fəaliyyətindən, bu qurum tərəfindən Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə təşkil edilən tədbirlərdən danışıb.
Filmin ssenari müəllifi və rejissoru Özhan Eren ekran əsəri barədə məlumat verib. O özünün də Azərbaycan əsilli olduğunu, filmdə iki azərbaycanlı aktrisanın rol aldığını bildirib. Bunlardan biri baş rolun ifaçısı Nəsrin Cavadzadədir. Bu günədək doqquz filmdə çəkilən bu aktrisa 10 mükafata layiq görülüb. Digər azərbaycanlı aktrisa isə Mina kimi tanınan Nərmin Hüseynovadır. O, filmdə azərbaycanlı tibb bacısını canlandırır.
Rejissor Çanaqqala dastanını əks etdirən filmin ssenarisinin yazılmasına yeddi il əvvəl başladığını diqqətə çatdırıb. Bildirilib ki, filmin ssenarisi Çanaqqala savaşı günlərindən qalma bir məktubun əsasında hazırlanıb.
Əsas rollarda Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyin Avni Danyal, Bülent Şakrak, Nərmin Hüseynova və Barbara Sotelsekin çəkildikləri ekran əsəri təyyarəçi Salih Ekrem ilə Nihal adlı tibb bacısının hekayətindən bəhs edir. Müharibənin ən çətin günlərində onlar Fuat adında kimsəsiz uşağı himayəyə götürürlər. “Kiçik qazi Fuat” ləqəbli bu uşaq Salih Yüzbaşı ilə tibb bacısı Nihalın arasındakı ölümsüz sevginin yeganə şahidi olur.
Rejissor qeyd edib ki, film gedənlərin və gözləyənlərin əhvalatlarından bəhs edir.
Özhan Eren filmin 100 ölkədə nümayiş olunacağını vurğulayıb.
Qeyd edək ki, istehsalına 20 milyon türk lirəsi sərf edilən “Son məktub” indiyədək çəkilən filmlər arasında ən böyük büdcəsi olan ekran əsəridir.