Bakı, 15 aprel, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) bu il yanvarın 1-nə konsolidə olunmuş borcu 7 milyard dollara yaxındır. Bu vəsait böyük görünsə də, Dövlət Neft Şirkətinin maliyyə strategiyasına uyğun bir borclanmadır. Çünki bu borclanmaya audit şirkətləri tərəfindən ciddi nəzarət olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov jurnalistlərə müsahibəsində məlumat verib. O bildirib ki, bu vəsaitin 1 milyard dolları 10 illik, 500 milyon dolları isə 5 illik avrobondlardır. Həmçinin, 1 milyard dollar isə “SOCAR Trading” şirkətinin üçüncü tərəflərdən neftin alınması və satışı ilə əlaqədar yaranan qısamüddətli borclanmadır. Eyni zamanda 1 milyard dollar isə SOCAR-ın Türkiyədə reallaşdırılan layihələrindən yaranan borclardır. Təqribən 1 milyard dollar isə “Azəri-Çıraq-Günəşli” yataqlar bloku (AÇG) layihəsində zaman-zaman müəyyən faiz payın alınmasına, “Bakı Gəmiqayırma Zavodu”nun tikintisinə Dövlət Neft Fondundan cəlb etdiyimiz kreditlərdir.
“SOCAR-ın kredit borcları idarə olunur, onların faizləri vaxtlı-vaxtında ödənilir”, – deyə S.Qasımov qeyd edib.