ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qərb bölgəsinə səfəri çərçivəsində Gəncədə və Göygöldə olub.

ANS TV-nin məlumatına görə, səfir Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin Göygöl regional bazasında olub. Buradakı təlimlərlə maraqlanan səfir daha sonra Gəncəyə gəlib burda bir sıra görüşlər keçirən amerikalı diplomat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı ilə də görüşüb.

Robert Sekuta Azərbaycana səfir təyin olunduqdan sonra bölgələrə ilk səfərini Gəncədən başladığını, görüşdə Gəncə şəhəri və tarixi şəxsiyyətlər barədə ətraflı məlumat aldığını bildirib.

Daha sonra səfir Azərbaycan Dövlət Aqrar Universitetində olub, tələbə müəllim heyətilə görüşüb. Səfir deyib ki, Amerika ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi sahəsində əlindən gələni əsirgəməyəcək.

Səfərin sonunda diplomat Gəncədə məcburi köçkünlər üçün salınan qəsəbədə sakinlərlə görüş keçirib.

“Azərbaycan tarixindən və Gəncənin ilk demokratik respublikanın paytaxtı olmasından, eyni zamanda həmin respublikada bizim ölkədən də öncə qadınlara səsvermə hüququnun verilməsi barədə məlumatlı idim. Bu görüşdə bizə 900 il bundan əvvəl yaşamış, şairə Məhsəti Gəncəvi haqqında məlumat verildi. Hesab edirəm ki, o, müasir düşüncəli tərəqqipərvər xanımların təcəssümünün bariz nümunəsidir. Tarixdən bizim öyrənəcəyimiz, fəaliyyətimizdə tətbiq edə biləcəyimiz dəyərli faktlar var. Azərbaycanla bağlı dəyərli məlumatları öyrənməyi səbirsizliklə gözləyirəm”, – deyə Robert Sekuta bildirib.

Mənbə
ANS TV