Naxçıvan, 15 aprel, Tural Kəngərli, AZƏRTAC
Aprelin 15-də Naxçıvanda tanınmış dövlət xadimi Səkinə Əliyevanın 90 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tanınmış dövlət xadiminin məzarı ziyarət edilib.
Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Səkinə Əliyeva Vətənə xidmət etməyi özünün başlıca vəzifəsi sayıb və o dövrün ideoloji təzyiqlərinə baxmayaraq, sovetlər dönəmində ölkəmizdə əsl milli ruhlu məmurlardan biri olub.
Qeyd edilib ki, Səkinə Əliyevanın uzun müddət Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri vəzifəsində işləməsinin ümummilli lider Heydər Əliyevin o dövrdə siyasi hakimiyyətdə olması ilə mənəvi bağlılığı vardır. Çünki Ulu Öndər həmin dövrdə ölkədə qadın siyasətinin müəllifi və istiqamətləndiricisi kimi qadınların rəhbər vəzifələrdə təmsil olunmasına xüsusi diqqət yetirirdi. Təsadüfü deyil ki, Səkinə Əliyeva sonralar xatirələrində uzun müddət Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Sədri kimi fəaliyyət göstərməsini Ulu Öndərin Azərbaycan qadınına göstərdiyi qayğının əyani ifadəsi olduğunu dəfələrlə bildirib.
Səkinə Əliyevanın 50 ildən artıq əmək fəaliyyəti yüksək dəyərləndirilib, o, “Oktyabr inqilabı”, “Qırmızı əmək bayrağı” ordenləri, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək deyib ki, Azərbaycan qadınları tarixin bütün mərhələlərində fədakar əməkləri, misilsiz xidmətləri ilə diqqəti cəlb edib, ictimai və mədəni həyatda fəallıq göstəriblər. Tariximizdə onlarla qadın diplomat, sərkərdə kimi fəaliyyət göstərib, ölkəmizin inkişafı və ərazi bütövlüyü uğrunda mübarizə aparıb. Bu qadınların şəxsiyyət olaraq əsl dəyəri onların ziyalılığı və mənəvi kamillikləridir. Yüksək ziyalılığı, mədəniyyəti, xeyirxahlığı, vətənə, torpağa bağlılığı ilə seçilən belə qadınlardan biri də tanınmış ictimai xadim Səkinə Abbas qızı Əliyevadır.
Naxçıvan Müəllimlər İnstitutunu, Azərbaycan Dövlət Universitetini və Ali Partiya Məktəbini bitirən Səkinə Əliyeva əmək fəaliyyətinə 1945-ci ildə müəllimliklə başlayıb, 1951-ci ildən partiya və dövlət işlərində çalışıb, Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsində təlimatçı, şöbə müdiri, 1961-ci ildən Vilayət Partiya Komitəsinin katibi, sonra isə 1963-cü ilədək Naxçıvan Muxtar Respublikasının Maarif naziri vəzifəsində işləyib.
Qeyd olunub ki, muxtar respublikanın ictimai həyatında yaxından iştirak edən Səkinə Əliyeva 6-11-ci çağırış Azərbaycan və Naxçıvan Ali Sovetinə deputat seçilib, 1963-cü ildən 1990-cı ilədək Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Sədri, eyni zamanda, Azərbaycan Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyəti Sədrinin müavini vəzifəsində çalışıb.
Səkinə xanım çalışdığı vəzifələrdə yüksək təşkilatçılıq nümayiş etdirib, muxtar respublikanın sosial-iqtisadi problemlərinin həllində, əhalinin həyat səviyyəsinin yüksəldilməsində, qanunçuluq bazasının formalaşdırılmasında səylə çalışıb, xalqına, vətəninə xidmət edib.
XX əsrin 1970-1980-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən dövlət qadın siyasəti Azərbaycan qadınının sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda fəal iştirakını, dövlət orqanlarında geniş təmsil olunmasını təmin edib. Azərbaycan qadınına xas olan bütün cəhətləri özündə birləşdirən Səkinə Əliyevanın da 27 il Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Sədri kimi yüksək vəzifədə fəaliyyət göstərməsi Ulu Öndərin Azərbaycan qadınına göstərdiyi qayğının, dövlət qadın siyasətinin əyani ifadəsidir. XX əsrin 70-80-ci illərində olduğu kimi, Azərbaycanın müstəqillik dövründə də Səkinə Əliyeva Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunub, Prezident təqaüdünə layiq görülüb.
“Səkinə Əliyevanın həyat və tale yoluna nəzər saldıqda onun nəcib, xeyirxah insan olduğunu, xalqını, vətənini dərin məhəbbətlə sevdiyini görürük”, - deyən Rəhman Məmmədov bildirib ki, Səkinə Əliyeva harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, hər zaman öz xalqına, vətəninə xidmət edib. O, ötən əsrin 80-ci illərinin sonunda muxtar respublika parlamentinin rəhbəri kimi cəsarətli addım atıb, muxtar respublika ərazisinə erməni silahlı qüvvələrinin hücumunun qarşısının alınmadığı əsas götürülərək Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının SSRİ-nin tərkibindən çıxması barədə hazırlanan qərarı imzalayıb. Bu fakt onun milli ideallara bağlılığının, ictimai fəallığının və qətiyyətinin əyani ifadəsidir.
Səkinə xanımın sağlam vətəndaş mövqeyi, keçdiyi həyat yolu, ictimai fəaliyyəti qadınlara nümunədir. Yaddaşlara xeyirxah və sadə insan kimi həkk olunan Səkinə xanım Əliyevanın xatirəsi daim anılacaq və yaşayacaqdır.
Tədbirdə Şərur Rayon Birləşmiş Həmkarlar İttifaqının sədri Ünbülbəni Musayeva, təqaüddə olan dövlət qulluqçusu Sabir Həsənov tanınmış ictimai xadim Səkinə Əliyeva ilə bağlı xatirələrindən danışıblar.
Səkinə Əliyevanın ailə üzvü Arifə Əliyeva yubiley tədbirinin keçirilməsinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Qəmər Rəhimova Fəridə Ləmanın “Azərbaycan qadını” şeirini oxuyub.
Sonda Səkinə Əliyevanın həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
