Azərbaycanda iyun ayında keçiriləcək I Avropa Oyunları zamanı iştirakçıların, turistlərin, o cümlədən yerli sakinlərin təhlükəsizliyi və sağlamlığı tam təmin olunacaq.

Səhiyyə Nazirliyi Respublika Təcili Yardım Stansiyasının direktoru Mürsəl Həmidovun ANS PRESS-ə verdiyi məlumata görə, bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən lazım olan bütün tədbirlər görülüb.

“Respublika Təcili Yardım Stansiyasının 2 təcili yardım helikopteri var. Zərurət yaranacağı halda tibbi yardım xidmətinin təşkili məqsədilə ambulans helikopterlərdən də istifadə edilə bilər. Həmin helikopterlərdən fövqəladə hallarda istifadə ediləcək. Bundan əlavə, Azərbaycana əlavə olaraq 100 təcili yardım maşını gətirilib. Onlardan 95-i Bakıda, 5-i isə Mingəçevirdə istifadə olunacaq”, - deyə Mürsəl Həmidov bildirib.

Onun sözlərinə görə, Oyunların əsas hissəsi Bakı şəhərində keçiriləcəyi üçün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları artıq hazır vəziyyətə gətirilib. Bakıda Avropa Oyunlarına 25 həkim briqadası cəlb olunacaq.

“Həkim briqadaları ötən ilin oktyabr ayından xüsusi təlimlər keçiblər. Həkimlər İngilis dili kurslarında olublar. Artıq dil kursları yekunlaşıb”, - deyə Mürsəl Həmidov vurğulayıb.
Mənbə
ANS PRESS