Ukrayna Prezidenti Petro Poroşenko bu ölkənin ABŞ-dakı səfiri Oleksandr Motsyki vəzifəsindən azad edib.

ANS PRESS-in məlumatına görə, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb. Sənəddə bunun səbəbi göstərilməsə də, mətbuat onun keçmiş prezident Viktor Yanukoviç tərəfindən təyin edilməsini əsas amil kimi göstərib.

Onun yerinə Ukrayna Prezidentinin Administrasiyası rəhbərinin müavini Valeri Çalyin təyin olunması söylənilir. O jurnalistlərə deyib ki, əgər dövlət başçısı onu bu vəzifəyə uyğun bilərsə, məmnuniyyətlə qəbul etməyə hazıram.

Xatırladaq ki, keçmiş səfir O.Motsyk 2010-cu ilin iyunundan Vaşinqtonda səfir kimi çalışıb. V.Yanukoviç 2014-cü ilin fevralında hakimiyyətdən uzaqlaşdırılıb. ABŞ Ukraynanın separatçılarla mübarizəsində əsas müttəfiq sayılır.

Mənbə
ANS PRESS