Kirayədə yaşadığı mənzilin sahibini və nəvəsini döyərək qarət etdilər.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 14-də Gəncə şəhər sakini Şahin Məlikov şəhər ərazisində kirayədə yaşadığı mənzildə evin sahibi Güllü Hüseynovanı və nəvəsi Zərifə Bayramovanı döyüb. O, sonra Zərifənin qızıl boyunbağısını alaraq hadisə yerini tərk edib.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məlikov tutulub.

Araşdırmalar zamanı məlum olub ki, Şahin Məlikov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS