Gəncə, 15 aprel, Sabir Əliyev, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta respublikamızın qərb bölgəsi ilə tanışlıq məqsədilə Gəncəyə gəlib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Gəncənin bir sıra mədəniyyət obyektləri və tarixi abidələri ilə yaxından tanış olan səfir aprelin 15-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
Görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə və onun iqtisadi potensialı, eləcə də tarixi haqqında ətraflı məlumat verib. Gəncənin dünya mədəniyyətinə dahi Nizami Gəncəvi və Məhsəti Gəncəvi kimi karifeylər bəxş etdiyini diqqətə çatdıran E.Vəliyev bildirib ki, hazırda şəhər öz tarixi keçmişini qorumaqla müasirləşir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində digər bölgələr kimi, Gəncənin də xarici iqtisadi əlaqələri sürətlə genişlənir.
Bildirilib ki, Gəncə həm də gənclər şəhəridir. Ölkədə gənclər siyasəti sahəsində qazanılan uğurların nəticəsidir ki, Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı seçilib.
Səfir Robert Sekuta Azərbaycanın bu qədim şəhərinə etdiyi səfərindən razı qaldığını bildirib və burada gördüklərindən məmnunluğunu diqqətə çatdırıb.
Görüşün sonunda amerikalı diplomata xatirə hədiyyələri təqdim olunub.
Şəhər icra hakimiyyətində keçirilən görüşdən sonra səfir Azərbaycan Dövlət Aqrar Universitetində olub.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov 1918-ci ildə bu binada fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verdikdən sonra müəllim və tələbələrlə görüş keçirilib.
Görüşdə çıxış edən səfir Robert Sekuta Azərbaycan-ABŞ əlaqələrindən danışıb və bu əməkdaşlığın elm, təhsil və digər sahələrdə genişləndirilməsinin vacibliyini vurğulayıb.