Dünyada baş verən proseslərin fonunda manatın devalvasiyası Azərbaycan əhalisi arasında narahatlıqlar yaradıb. İnsanlar yığımlarını nəyə yatırmaq barədə düşünürlər.

Yox, milli valyutaya etibar itməyib. Qonşu ölkələrlə müqayisədə Azərbaycan yaranmış vəziyyətdən uğurla çıxa bilir. Bununla belə bəzi narahatlıqlar var. İnsanları bu suallar narahat edir: Pulu hara yatıraq? Hansı üsul daha təhlükəsizdir? Pulu daşınmaz əmlaka yatırmağa dəyərmi?

Milli.Az xəbər verir ki, bu məsələ ilə əlaqədar Day.Az saytının əməkdaşı "Mülkiyyət" MMC-nin eksperti Araz Əbdülkərimov və MBA Consulting şirkətinin baş direktoru Nüsrət İbrahimovla əlaqə saxlayıb.

A.Əbdülkərimovun sözlərinə görə, hazırda Bakıda daşınmaz əmlak bahalaşmadığı üçün vəsaitləri məhz mənzil almağa xərcləmək doğrudur.

"Kimsə deyə bilər ki, pulunuzu torpaq sahəsinə yatırın. Ancaq həmin torpaq sizə heç bir qazanc gətirməyəcək. Onu kirayə vermək olmur. Mənzili isə kirayə verib qazanc götürə bilərsiniz. Pulları yastıq altında saxlamaq lazım deyil. Kimisi maşın alır və düşünür ki, baha qiymətə satar, ancaq hazırkı şəraitdə maşın qiymətdən düşür. Risk etməyə dəyməz", - o əlavə edib.

MBA Consulting şirkətinin rəhbəri Nüsrət İbrahimov isə hesab edir ki, torpaq sahəsi almaq faydalıdır.

"Şəhərə yaxın sahədə az torpaq sahəsi almaq tövsiyə edilir. Hazırda bu variant daha etibarlıdır".

Milli.Az