[ 14 Aprel 2015 13:38 ]


Moskva. Fərid Əkbərov - APA. “ATƏT-in Minsk qrupu tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı irəli sürülən Madrid prinsipləri münaqişəsinin həlli üçün ən düzgün təklifdir”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı siyasi ekspert, "Exo Moskvı" radiosunun baş redaktoru Aleksey Venediktov deyib.

 

A. Venediktov bildirib ki, Krım münaqişəsindən fərqli olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflər masa üzərindədir: “Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunarkən mütləq orada yaşayan və yaşamış, lakin oranı tərk etməyə məcbur qalmış insanların marağı nəzərə alınmalıdır. Sözsüz ki, ilk növbədə Dağlıq Qarabağda və ətraf rayonlarda yaşamış azərbaycanlılar öz evlərinə qayıtmalıdırlar. Onların təhlükəsizliyi təmin edilməlidir. Ancaq bundan sonra digər problemləri müzakirə etmək olar".

 

Siyasi ekspert qeyd edib ki, münaqişənin həlli ilk növbədə Azərbaycan və Ermənistandan, daha sonra isə Rusiya və ABŞ-dan asılıdır.   

 

A. Venediktov Ermənistanı “Rusiyanın imtiyazlı tərəfdaşı” da adlandırıb.