Bakı, 13 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin ilk 3 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov iclasda çıxış edərək ötən rüb Səbaildə görülmüş işlər barədə məlumat verib. Qeyd edilib ki, hesabat dövründə Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 3 milyard 479,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Üç ay ərzində Səbail rayonu ərazisində 365 yeni iş yeri açılıb.
Hesabat dövründə rayon ərazisində irimiqyaslı abadlıq-quruculuq işləri aparılıb.
2015-ci ilin 3 ayı ərzində Səbail Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 399 ailə (1167 ailə üzvü) müraciət edib, orta hesabla hər bir ailəyə 150,8 manat sosial yardım təyin olunub. Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13166 təqaüdçüyə 9.955,9 min manat təqaüd və müavinət ödənilib.
Hesabat dövründə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilib. Müxtəlif bayramlarla əlaqədar rayondakı aztəminatlı ailələrə bayram payları verilib, ümumilikdə isə 3 ay ərzində rayon icra hakimiyyəti tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 6675 olub.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayondakı dini durum və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.