Bakı, 13 aprel, AZƏRTAC
Ən uğurlu təhsil və yaradıcılıq layihələrindən biri olan Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının Beynəlxalq yay teatr məktəbi 9-cu dəfə keçiriləcək. Bu ilki məktəbdə 20 ölkədən 85 gənc aktyor təhsil alacaq.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları Eşqin Quliyevin və Günel Məmmədovanın adları da iştirakçılar siyahısındadır.
Teatr məktəbi iyun ayının 1-dən 28-dək keçiriləcək. Məktəbin proqramı çox dolğundur və paytaxt teatrlarının aparıcı pedaqoq və professorları tərəfindən gündəlik peşəkar dərslər keçiriləcək. Tədris planına ustad dərsləri, aktyorluq sənəti üzrə treninq, səhnə davranışı, müasir rəqs, əlaqəli improvizasiya, səhnə nitqi və qılıncoynatma daxildir. Bundan əlavə, tələbələr 3 yaradıcı qrupdan birinin işinə cəlb olunmaqla özləri müəllim seçmək hüququna malikdirlər. Bu qruplara Vyaçaslav Kokorin, Veniamin Filştinskiy və Qitis Padeqimas rəhbərlik edirlər. İştirakçılar tamaşa məşqləri edəcək və müasir Rusiya teatrının parlaq nümayəndələri ilə yaradıcı görüşlər keçirəcəklər. Məktəb çərçivəsində Vyaçaslav Polunin, Sergey Jenoviç, Lev Dodin, İqor Zolotovitskiy və Boris Konstantinov ustad dərsləri keçəcəklər.
Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının Beynəlxalq yay teatr məktəbi Rusiya Prezidentinin himayəsi altında MDB və Baltik ölkələri rus teatrlarının dəstəyi proqramı çərçivəsində həyata keçirilir. İndiyədək 40 ölkədən 800-ə qədər aktyor bu layihədə iştirak edib. Layihənin bədii rəhbəri Rusiyanın xalq artisti Aleksandr Kalyaqindir.