Riqa, 13 aprel, AZƏRTAC
Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreys Pildeqoviçs Tehranda rəsmi səfərdədir. Artıq onun İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və nazirin Avropa və Amerika məsələləri üzrə müavini Məcid Taxt Ravançi ilə görüşü olub. Görüş zamanı İranın nüvə proqramı məsələsinin nizamlanmasında irəliləyişin mühüm önəm daşıdığı qeyd edilib və indiki məqamda hərtərəfli fəaliyyət planı üzrə işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Dövlət katibi Andreys Pildeqoviçs İran tərəfini Lozannda əməkdaşlığın gələcək inkişafına yardımçı olacaq tarixi E3+3 razılaşmasının əldə olunması münasibəti ilə təbrik edib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif razılaşmanın Avropa İttifaqı ilə İran arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə imkan yaradacağını bildirib.
Bundan başqa, görüş zamanı dövlət katibi Andreys Pildeqoviçs Latviyanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə prioritetləri barədə məlumatlandırıb, eyni zamanda Avropa qonşuluq siyasətinə, Mərkəzi Asiya ilə Şərq əməkdaşlığı proqramına yenidən baxılmasını xatırladıb. Həmçinin ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, siyasi dialoq, iqtisadiyyat, ətraf mühitin mühafizəsi, nəqliyyat, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf imkanları qeyd olunub.