Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 28-dən mayın 1-dək Filippinin Bohol əyalətində Dünya Turizm Təşkilatı (DTT) Asiya və Sakit Okeanı ölkələrində turizm siyasəti və strategiyası üzrə 9-cu icra təlimi proqramını həyata keçirəcək.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, builki təlim proqramının əsas mövzusu “İnkişafa və turizm dirçəlişinə əsaslanan cəmiyyət” adlanır. Builki tədbir də Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi tərəfindən maliyyələşdirilir.
Ümumiyyətlə, DTT müvafiq proqramı 2006-cı ildən etibarən həyata keçirir. Təlim proqramı turizm siyasətini və strategiyasını hazırlayan təşkilatlar arasında ideya mübadiləsinin aparılmasına kömək edir. Çoxsaylı məruzələr, qrup diskussiyaları, debatlar və təqdimatları əhatə edən bu proqram DTT-nin üzvü olan Asiya və Sakit Okean ölkələrinin rəsmilərinə turizm idarəçiliyində ən son yenilikləri daha yaxşı anlamağa, uğurla siyasət və strategiyaya dair müsbət təcrübəni bölüşməyə imkan yaradır.