Ötən gecə Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində mötəbər kino mükafatlarından birinin təqdimetmə mərasimi baş tutub. MTV telekanalının təsis etdiyi "MTV Movie Awards" mükafatının 2015-ci il üçün qaliblərinə mükafatlar təqdim edilib. MTV kino mükafatının 24-cü təqdimetmə mərasiminin aparıcısı aktrisa Emi Şumer olub.

Gecədə 14 kateqoriya üzrə seçilənlərin adları məlum olub. Mükafatın əsas nominasiyası olan "ilin filmi" nominasiyasında "Günahkar ulduzlardır" melodraması qalib gəlib.

"Ən yaxşı aktrisa" mükafatını elə həmin filmdə rol alan Şeylin Vudli qazanıb.

"Ən yaxşı aktyor" nominasiyasında isə "Snayper" filmindəki roluna görə Bredli Kuper fərqlənib.

"Ən yaxşı mənfi obraz" kateqoriyasında mükafatı aktrisa Meril Strip, "ən güclü qorxu hissi" nominasiyasında mükafatı isə aktrisa Cenifer Lopes aparıb.

Aktyor Çenninq Tatum isə «ən yaxşı komik rol» nominasiyasında fərqlənib.

1981-ci ildən bəri yayımlanan MTV telekanalı, musiqi mükafatında olduğu kimi, kino mükafatında da ən yaxşıları internetdə səsvermə yolu ilə seçir.
Mənbə
Associated Press