Qahirə, 13 aprel, AZƏRTAC
Misirin Şimali Sinay əyalətində iki terror hücumu ən azı 14 insanın ölümünə səbəb olub. Ölkənin KİV-lərində bu barədə yayılmış ilkin məlumata görə, El-Ariş şəhərində törədilmiş terror aktı nəticəsində 8 nəfər həlak olub, 40-dan çox adam yaralanıb.
Daxil olan məlumata görə, polis məntəqəsi yaxınlığında minalanmış avtomobil partlayıb. Kamikadze nəzarət-buraxılış məntəqəsini taranlamaq və inzibati kompleksin binasına soxulmaq fikrində olub. Lakin polislər partlayıcı maddə ilə dolu olan furqona atəş açıblar. Həmin vaxt partlayış baş verib, nəticədə üçmərtəbəli binanın bir hissəsi dağılıb və ətraf evlərə zərər dəyib.
Bundan əvvəl isə həmin yerdən bir neçə kilometr məsafədə - Şeyx Zuveyd şəhəri yaxınlığında ekstremistlər ordu patrulunun yoluna partlayıcı qurğu qoyublar. Zirehli avtomobilin partlaması nəticəsində 6 hərbi qulluqçu həlak olub. Bəzi məlumatlara görə, sonuncu hücumla bağlı məsuliyyəti “Sinay əyaləti” islamçı qruplaşması öz üzərinə götürüb. Onun üzvləri 2014-cü ilin noyabrında “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu ekstremist qruplaşmasına sadiq olacağı barədə and içiblər.
Asya Hacızadə
AZƏRTAC–ın xüsusi müxbiri
Qahirə