Yəməndə baş verən hadisələr bölgə ölkələrini narahat etməklə yanaşı, yeni müharibə və münaqişə ocaqlarının yaranmasına yol açır. Yəməndə husi tərəfdarlarının ölkə prezidentinə qarşı etirazları və Yəmən prezidenti Əbd-Rabbu Mənsur Hadinin ölkədən qaçaraq Səudiyyə Ərəbistanında gizlənməsi hadisələri daha da qızışdırıb.Tehranın tələbini rədd edən Ərəbistan nazirini Pakistana göndərib
Anspress-in məlumatına görə, Səudiyyə Ərəbistanının Yəməndəki husi silahlılarına hava hücumları davam edir. Bu isə husilərin müttəfiqi olan İranı ciddi narahat edir. Husi tərəfdarları Səudiyyəyə qarşı etiraz aksiyası keçirirlər, Tehran isə Səudiyyə Ərəbistanını Yəmənin daxili işlərinə qarışmaqda günahlandıraraq, bu ölkədən təcili əl çəkməsini tələb edir. İranın ali dini lideri ayətulla Əli Xomeneyi keçən həftə bildirib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hava hücumları cinayət və soyqırımdır.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud Əl-Feyza İranın tələblərini rədd edib və deyib ki, biz istəyərəkdən Yəmənə gəlməmişik: “Biz Yəmənə legitim hakimiyyətə köməyə, Yəmən prezidenti Əbd-Rabbu Mənsur Hadinin hökumətini bərpa etməyə gəlmişik. İran Yəməndə hakimiyyətdə deyil".
Pakistan parlamenti aprelin 10-da Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləyə dəstək üçün xahişini rədd edib və hərbi kampaniyaya qoşulmamağa səs verib. Bununla bağlı Səudiyyə Ərəbistanının dini məsələlər üzrə naziri Saleh bin Əbdul-Əziz bin Mohamməd əl-Şeyx ötən gecə İslamabada gedib, iki ölkə arasında möhkəm əlaqələrinin mövcudluğunu, parlamentin qərarının daxili məsələ olduğunu söyləyib.
Bundan əvvəl isə İranın xarici işlər naziri İslamabada gedib, Pakistanı Yəmənə əsgər göndərməməyə, dialoqu dəstəkləməyə çağırıb. Bir sözlə, bölgədə vəziyyət gərginləşir və İran-ərəb müharibəsinin başlayacağı ehtimalını yaradır.
Milli.Az