ABŞ-ın Los Anceles şəhərində sərbəst güləşçilər arasında Dünya Kuboku yarışları keçirilib.
Metbuat.az-ın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran, Belarus və Türkiyə güləşçiləri iştirak edib.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Belarus və Türkiyə komandaları ilə B qrupunda mübarizə aparıb. A qrupunda isə, Rusiya, Kuba, ABŞ və Monqolustan komandaları qüvvələrini sınayıb.
Güləşçilərimiz əvvəlcə Türkiyə komandasını 7:1, ardınca isə Belarusu 6:2 hesabı ilə məğlub edib. Qrupun son görüşündə güləşçilərimiz İran komandası ilə qarşılaşıb. Gərgin keçən görüşdə uduzan yığmamız qrupu 2-ci sırada tamamlayıb. Beləliklə, komandamız digər qrupun ikincisi Rusiya yığması ilə 3-cü yer uğrunda həlledici görüşə çıxıb. Yekunda 4-4 hesablı bərabərlik qeydə alınsa da, xal hesabı ilə Rusiyadan üstün olan yığmamız Dünya Kubokunu 3-cü sırada tamamlayıb və bürünc medallara sahib olub.
Məlumat üçün bildirək ki, sərbəst güləş üzrə Dünya Kuboku yarışları 1973-cü ildən keçirilir. Azərbaycan sərbəst güləşçiləri 2 dəfə (2004 və 2009) Dünya Kubokunun sahibi olub. 2012-ci ildə ikinci, 2010, 2011 və 2015-ci illərdə isə üçüncü yerdə qərarlaşıb.