Manatın devalvasiyasından sonra ev bazarında vəziyyət hər bir vətəndaş üçün maraq doğuran bir məsələdir
Daşınmaz əmlak bazarında bir az durğunluq yaşanır. İnsanlar əllərindəki pulu daşınmaz əmlaka qoymağa ehtiyat edirlər. Buna da səbəb son hadisələrdən sonra ev bazarında qiymətlərin ucuzlaşacağını gözləmələridir.

Bəs daşınmaz əmlak bazarında hansı tendensiya hökm sürür, qiymət azalır, yoxsa artır?

Milli.Az bu mövzu ilə bağlı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru, ekspert Ramil Osmanlıya müraciət edib.

Ramil Osmanlı Milli.Az-a açıqlamasında bildirdi ki, kiminsə daşınmaz əmlakla bağlı gözləmə mövqeyi tutması düzgün deyil:

"Ümumiyyətlə, hər hansı bir ekspert desə ki, əlində pul olan şəxs gözləmə mövqeyi tutsun, o, çox yanlış yoldadır. Yəni alıcı heç nəyi gözləməməlidir. Alıcının gözləməsi o deməkdir ki, bazar dayanmalıdır. Bazara süni şəkildə, spekulyativ şəkildə müdaxilə çox zərərli bir tendensiyadır. Yəni bazar iqtisadiyyatı üçün ən təhlükəli məqamlardan biridir. Bu baxımdan hesab edirəm ki, alıcı heç nəyi gözləməməlidir. Əslində, indiki situasiya ev almaq üçün ən normal münbit şəraitdən biridir".

Qiymətlərin dəyişməsi ilə bağlı sualımızı da cavablandıran ekspert bu barədə inzibati müdaxilələrə diqqət çəkdi:

"Qiymətlərin son dövrlər tez-tez dəyişməsi, tez-tez oynaması bazara inzibati müdaxilələrin təsiri nəticəsində baş verir. Bazarda qısa müddətdə müxtəlif proseslər baş verir. Məsələn, bazar hələ vergi şokundan ayılmamış devalvasiya ilə bağlı Mərkəzi Bank tərəfindən qərar qəbul olundu. Eyni zamanda, bu qərarın təsirindən ayılmamış Mərkəzi Bank ipoteka kreditləşməsindən ciddi liberal dəyişikliklər, islahatlar ilə bağlı məlumatlar açıqlayır, devalvasiyanın ikinci mərhələsi ilə bağlı bazara müxtəlif siqnallar ötürülür və s.

Bu cür proseslərin üst-üstə düşməsi, təbii ki, bazara təsirini göstərir və təsirsiz ötüşməyə bilməz. Bu səbəbdən də bu dövrlərdə bazardakı dinamikanın kəskin şəkildə gah yuxarıya, gah da aşağıya, yəni müsbətə və mənfiyə doğru dəyişməsinin səbəbləri də məhz bu amillərdir".

Bazardakı vəziyyətə də toxunan ekspert bildirdi ki, bazar oturuşmuş vəziyyətə gəlib çıxa bilmir.

"2008-ci ildən bu yana, hələ ki, bazar tam olaraq oturuşmuş vəziyyətə gəlib çıxa bilmir. Düzdür, 2008-ci ilə qədər də belə deyildi, amma 2008-ci ilə qədər olan proseslər tələb və təklif faktorundan asılı idi. Qiymət artımı ilə daha çox müşahidə olunurdu. 2008-ci ildən sonra bazarda çox ciddi proseslər baş verdi. Söküntü hesabına bazara pul axınları başladı və bunun nəticəsində qiymətlərin süni şəkildə artması prosesi baş verdi. Və hələ də bu proseslər dayanmır".

Ekspert vəziyyətdən çıxış yolunu da göstərərək hökumətə məsələhətlər verdi:

"Neft qiymətləri 90 dollar və onu keçərsə, Azərbaycan hökuməti söküntü ilə bağlı, şəhərsalma ilə bağlı proqramlarını işə salacaq və büdcədən bu istiqamətdə ayrılan vəsaitlərin həcmi yenidən artırılacaq. Bu isə təbii ki, bazara pul axınlarının artması deməkdir. Bazara pul axınlarının artması qiymətə təsirini göstərir, bu da qiymət amilini bilavasitə stimullaşdırır.

İndiki zamanda ipotekanın, ipoteka kreditləşməsinin liberal dəyişiklikləri ilə bağlı açıqlamalar verilir. İlkin ödənişlərin aradan qaldırılacağı, ipotekanın məbləğinin artırılacağı, illik vəsaitlərin həcminin çox kəskin şəkildə, 3-4 dəfə, bir neçə dəfə artırılacağı ilə bağlı məlumatlar verilir. Belə bir proses də baş verərsə, təsirini göstərə bilər".

Mövcud vəziyyətdən əziyyət çəkə biləcək insanlara səslənən ekspert, onlara yol göstərdi:

"Bundan sonra bazar iştirakçıları müəyyən mənada əziyyət çəkə bilərlər. Amma mən heç bir bazar iştirakçısına bazar qanunlarından kənara çıxıb gözləmə mövqeyinə keçməyi tövsiyə etmirəm. Bazarın bir qanunauyğunluğu var. Alırlar - sat, satırlar - al. Əgər alıcının pulu varsa, o dayanmamalı, gözləməməlidir, çünki pul dayanmağı sevmir. Pul dövriyyəni sevir. Dayanan pulun daim problemləri olur. Yəni sən pulu saxlaya bilərsən, amma devalvasiya baş verə və pul dəyərdən iki dəfə düşə bilər. Və ya həyatında müəyyən kuryoz hadisələr baş verə bilər. O baxımdan hesab edirəm ki, alıcı heç nəyi gözləməməli və öz işində olmalıdır".

Sonda mənzil bazarında qiymətlər barədə də sualımızı cavabsız qoymayan ekspert əlavə edib ki, manatın devalvasiyasından sonra manat ekvivalenti ilə qiymətlərdə müəyyən qədər artımlar baş verib:

"Ancaq indi bazar əvvəlki vəziyyətə qayıdıb. Ötən ilin təqribən sonlarına uyğun vəziyyətə qayıdıb".

Elşən İmanov
Milli.Az