İslam Dövləti (İD) 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı ilk dəfə olaraq Fələstin qaçqınları üçün Suriyada salınmış bu düşərgəni zəbt edib.
Düşərgədə olan fəal BBC-yə telefonla deyib ki, orada kəskin ərzaq çatışmazlığı var.
BMT Təhlükəsizlik Şurası düşərgəyə humanitar dəhliz verilməsini tələb edib.
“Qorxu və narahatlıq”
Kimliyinin bilinməsini istəməyən antihökumət fəalı BBC Dünya Xidmətinə deyib: “Humanitar vəziyyət çox çətindir. Düşərgədə ilişib qalan və hələ də mühasirədə olan mülkilər üçün ərzaq yoxdur. Tibbi vəziyyət də ağırdır, çünki həkimlərin çoxu İslam Dövləti ilə əvvəllər Yarmukun böyük hissəsinə nəzarət etmiş Əknaf Beyt ül-Maqdis Fələstin təşkilatı arasında gedən döyüşlərin başlanğıcında düşərgədən qaçıb. Burada böyük iztirab yaşanır”
Əknaf Beyt ül-Məqdis Suriya hökumətinə qarşı çıxan Fələstin silahlılarından yaradılıb.
Suriyada vətəndaş müharibəsindən əvvəl Yarmuk düşərgəsində 150 minədək qaçqın yaşayırdı, buranın öz məsçidləri, məktəbləri və ictimai binaları vardı.
2012-ci ildən bəri Yarmuk bir-birilə döyüşən hökumət qüvvələri ilə qiyamçılar arasında qalıb.
İD aprelin 1-də bura hücum edəndən bəri vəziyyət daha da ağırlaşıb.
Düşərgədən BBC ilə danışan şəxs deyib ki, bura 2013-cü ildə rejim stansiyanı bombalayandan bəri elektrik verilmir. BMT düşərgəyə baş çəkmələrini dayandırıb. Adamlar tam mühasirə içindədirlər.
“Bu dəhşətli vəziyyət burada qalanların ürəyində qorxu və narahatlıq yaradır” – deyib şahid.
Xaraba şəhər
O Yarmuku “xarabalıq şəhər”ə bənzədib və bildirib ki, adamlar evlərindən küçəyə çıxmağa qorxurlar, minlərlə insan qonşuluqdakı məhəllələrə sığınıb.
BBC ilə danışan şəxs deyib ki, bütün düşərgənin İD-in nəzarətində olduğunu demək olmaz, lakin onlar çox sayda bina və ofisi zəbt ediblər.
O inanır ki, İD döyüşçülərinin əksəriyyəti yerli adamlardır: “Mən belə başa düşürəm ki, İslam Dövləti Beyt ül-Məqdislə haqq-hesabı çürütdükdən sonra bu mövqeləri başqa silahlı qrupa – Nüsrə Cəbhəsinə təhvil verəcəyini deyib”.
Düşərgə sakini bildirib ki, mülkilərin üzləşdiyi ən təhlükəli şey rejimin Yarmuku çəllək bombaları ilə atəşə tutmasıdır. Vəziyyət xüsusilə də gecələr daha pis olur. Helikopterlər düşərgə üzərində uçur və çəllək bombalarını aşağı atır.
Yarmukdakı antihökumət fəalı daha sonra deyib: “Biz istəyirik ki, rejim bombardmanı dayandırsın. Bu bombardmanlarda itki çox olur, çünki hara gəldi atırlar. Bu hədəfli bombardman deyil, nizamsız bombardmandır. Bizə düşərgəyə ərzaq, tibbi təchizat və həkimlərin gətirilməsi lazımdır. Biz həm də istəyirik ki, yardım agentlikləri və humanitar təşkilatlar düşərgədə ilişib qalanların evakuasiyasına kömək etsinlər”.
Milli.Az


